Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfelinin 45%-i kənd təsərrüfatının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Xəbər 9 Oktyabr 2026 11:37 (UTC +04:00)
Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfelinin 45%-i kənd təsərrüfatının payına düşür
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfelinin təxminən 45%-i kənd təsərrüfatı sektorunun payına düşür.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Murad Abdullayev cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.

O bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatı üçün mühüm əhəmiyyətə və böyük inkişaf potensialına malik sahələrdən biridir. Fond bu sektorun inkişafını sürətləndirmək məqsədilə mövcud dəstək mexanizmlərini səfərbər etməyi qarşısına hədəf qoyub.

Murad Abdullayevin sözlərinə görə, Azərbaycan Biznesinin İnkişafı Fondu Sahibkarlığın İnkişafı Fondu ilə Azərbaycan İnvestisiya Şirkətinin birləşməsi nəticəsində yaradılıb və dövlətin əsas maliyyə-inkişaf institutlarından biridir.

“Biz həm kənd təsərrüfatı, həm də digər sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək göstəririk. Bu dəstək bir tərəfdən birbaşa kapital investisiyaları, digər tərəfdən isə güzəştli kreditlər vasitəsilə həyata keçirilir”, - deyə o qeyd edib.

Fond rəsmisi bildirib ki, ötən il Fondun ümumi kredit portfeli 400 milyon manatı ötüb. Kənd təsərrüfatının portfeldəki payı nəzərə alınarsa, bu sahəyə təxminən 100-150 milyon manat həcmində maliyyə vəsaiti yönəldilib.

O, kənd təsərrüfatı sektorunda sahibkarların maliyyə resurslarına çıxışını çətinləşdirən bir sıra məsələlərin də mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas problemlərdən biri torpaq sahələrinin mülkiyyət sənədləri ilə bağlı çətinliklərdir.

“Azərbaycan Biznesinin İnkişafı Fondu dövlət vəsaitlərini idarə etsə də, biz birbaşa banklarla işləyirik. Banklar maliyyələşdirmə zamanı riskləri qiymətləndirmək və sığortalamaq üçün müvafiq sənədləşmə aparmalıdırlar. Bu sənədlər arasında torpaq sahəsinə dair mülkiyyət sənədləri də mühüm yer tutur”, - deyə Murad Abdullayev bildirib.

O əlavə edib ki, torpaqların sənədləşdirilməsi ilə bağlı problemlərin həlli istiqamətində müxtəlif səviyyələrdə təkliflər hazırlanır.

Fond rəsmisinin diqqət çəkdiyi digər mühüm məsələ isə, xüsusilə kiçik təsərrüfatlarda mühasibat uçotunun və hesabatlılığın lazımi səviyyədə olmamasıdır. Onun sözlərinə görə, bəzi sahibkarlar faktiki olaraq gəlir əldə etsələr də, bunu rəsmi sənədlərlə təsdiqləyə bilmirlər. Nəticədə onların maliyyə resurslarına çıxışı məhdudlaşır.

“Bəzi sahibkarlar yaxşı gəlir və qazanc əldə edirlər, lakin bunu rəsmi sənədlərlə sübut edə bilmirlər. Bu da onların maliyyələşməyə çıxışında ciddi çətinlik yaradır. Hesab edirəm ki, kiçik təsərrüfat sahibləri üçün uçot və hesabatlılığın aparılmasını öyrədən təlimlərin təşkili məqsədəuyğun olardı”, - deyə o vurğulayıb.

Murad Abdullayev bildirib ki, Fond kiçik təsərrüfatların maliyyələşməsini asanlaşdırmaq üçün tələb olunan sənədlərlə bağlı müəyyən sadələşdirmələr də edib. Belə ki, əvvəllər tələb olunan biznes-plan şərti kiçik təsərrüfatlar üçün ləğv edilib və hazırda sahibkarlardan yalnız məlumat sorğusu vərəqəsinin təqdim edilməsi tələb olunur.

“Düşünürəm ki, bu da Fondumuz tərəfindən kənd təsərrüfatı sahəsində maliyyəyə əlçatanlığın artırılması istiqamətində atılmış mühüm addımlardan biridir”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti