Türkmənbaşı.Trend:
Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının Avazada keçirilən iclasında birliyin yaranmasının 35 illiyi ilə bağlı bəyanat qəbul ediləcək.
Trend-in xüsusi müxbirinin cümə günü verdiyi məlumata görə, sammitdə Rus Dili üzrə Beynəlxalq Təşkilatın fəaliyyəti haqqında informasiyanın da nəzərdən keçirilməsi planlaşdırılır.
Dövlət başçıları Müstəqil Dövlətlər Birliyində tematik illərin elan edilməsi, həmçinin informasiya məkanında MDB-nin və üzv dövlətlərinin müsbət imicinin formalaşdırılması üzrə tədbirlər haqqında qərarlar qəbul edəcəklər.
Sammitin gündəliyinin layihəsinə, həmçinin MDB üzvü olan dövlətlərdə 2030-cu il əhali siyahıyaalınması raundunun keçirilməsi, təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın inkişafı və humanitar əməkdaşlıq məsələləri daxildir.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.
Sammit iştirakçıları siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı müzakirə edir, Birliyin cari ildəki fəaliyyətinin yekunlarını vurur və gələcək üçün prioritet vəzifələri müəyyənləşdirirlər. Gündəliyə, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi, hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, eləcə də MDB ölkələrinin xarici siyasət koordinasiyasının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin baxılması daxildir.
