Azərbaycan aqrar məhsullarının xarici bazarlara çıxarılması imkanları genişləndirilir - ATİB sədri

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 10:42 (UTC +04:00)
Azərbaycan aqrar məhsullarının xarici bazarlara çıxarılması imkanları genişləndirilir - ATİB sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan aqrar sektorunun inkişafı üçün geniş imkanlara malikdir və bu imkanlardan səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsullarının həm daxili, həm də xarici bazarlara çıxarılması genişləndirilə bilər.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) idarə heyətinin sədri Mürsəl Rüstəmov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda deyib.

O bildirib ki, Azərbaycanın müxtəlif iqlim qurşaqlarını özündə birləşdirməsi, eləcə də ölkənin müxtəlif bölgələrində fərqli torpaq, hava və su ehtiyatlarının mövcudluğu aqrar sektorun inkişafı üçün əlverişli şərait yaradır.

“Azərbaycan özündə müxtəlif iqlim qurşaqlarını cəmləşdirir. Ölkənin cənubundan şimalına, qərbindən şərqinə qədər hər bir tərəfində fərqli torpaq, hava və su mənbələri mövcuddur. Buna görə də Azərbaycanda aqrar sektorun inkişafı üçün çox əlverişli şərait var”, - deyə M.Rüstəmov qeyd edib.

ATİB sədri vurğulayıb ki, aqrar sektorun inkişafına yalnız əkinçilik və heyvandarlıq prizmasından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, istehsal olunan məhsulların düzgün brendləşdirilməsi, markalanması, satışının təşkil edilməsi və bazarlara çıxarılması da sektorun inkişafının mühüm istiqamətlərindəndir.
“Lakin aqrar sektorun inkişafı dedikdə yalnız əkin-biçin və heyvandarlıq nəzərdə tutulmur. Bununla yanaşı, məhsulların düzgün brendləşdirilməsi, markalanması, satışının təşkil olunması, həmçinin daxili və xarici bazarlara çıxarılması da nəzərdə tutulur”, - deyə o bildirib.

M.Rüstəmov forumda Türkiyə və digər ölkələrdən iştirak edən nümayəndələrin təcrübəsinin və əlaqələrinin Azərbaycan sahibkarları üçün əhəmiyyətli olduğunu bildirib.

O qeyd edib ki, forum çərçivəsində keçiriləcək B2B görüşləri xarici şirkətlərlə əməkdaşlığın qurulması, yeni biznes əlaqələrinin yaradılması və aqrar sektorda beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm imkanlar yaradır.
“Düşünürəm ki, bu forumda Türkiyədən və digər ölkələrdən gələn qonaqlarımızın da dəstəyinə ehtiyacımız olacaq. Çünki tədbir zamanı B2B görüşlər keçiriləcək. Bu görüşlər xarici şirkətlərin, dünyada və kənd təsərrüfatında baş verən yeniliklərin öyrənilməsi üçün böyük imkanlar yaradır. Mən hər birinizə bu imkanlardan yararlanmağı tövsiyə edirəm”, - deyə ATİB sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti