Türkmənbaşı. Trend:
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bu sözləri Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı vurğulayıb: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.
Qeyd edək ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistanın Xəzər sahilində (Türkmənbaşı şəhəri yaxınlığında) yerləşən "Avaza" Milli Turizm Zonasında keçirilir. Tədbir Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə həsr olunub və Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində əsas hadisədir.
Sammit iştirakçıları siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı müzakirə edir, Birliyin cari ildəki fəaliyyətinin yekunlarını vurur və gələcək üçün prioritet vəzifələri müəyyənləşdirirlər. Gündəliyə, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi, hüquq-mühafizə, mədəni-humanitar və informasiya sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinə, eləcə də MDB ölkələrinin xarici siyasət koordinasiyasının möhkəmləndirilməsinə yönəlmiş sənədlərin baxılması daxildir.
