Türkiyədə Orta Dəhliz üzrə daşımaları sürətləndirəcək dəmir yolu sahəsi istifadəyə veriləcək

Dünya xəbərləri Xəbər 8 Oktyabr 2026 20:41 (UTC +04:00)
Türkiyədə Orta Dəhliz üzrə daşımaları sürətləndirəcək dəmir yolu sahəsi istifadəyə veriləcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyədə Orta Dəhliz üzrə daşımaları sürətləndirəcək dəmir yolu sahəsi istifadəyə veriləcək.

Bu barədə Avropa Komissiyasının saytında yayımlanan məlumatda deyilir.

Bildirilir ki, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos sabah Türkiyənin Ədirnə şəhərinə səfər edəcək. O, İstanbul ilə Bolqarıstan sərhədi arasında mühüm nəqliyyat əlaqəsi olan Halkalı - Kapıkule dəmir yolunun Çerkezköy - Kapıkule hissəsinin açılışında iştirak edəcək.

“Avropa İttifaqının Üzvlüyə Yardım Aləti (IPA II) çərçivəsində 275 milyon avro həcmində qrant ayırdığı bu layihə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Aİ-nin “Connectivity Agenda” transregional proqramı çərçivəsində həyata keçirilmiş ilk layihədir.

Yeni yüksəksürətli dəmir yolu xətti Türkiyə ilə Avropa İttifaqı arasında nəqliyyat əlaqələrini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və Avropanı Türkiyə vasitəsilə Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən Orta Dəhliz üzrə daşımaların müddətinin azaldılmasına töhfə verəcək”, - deyə Avropa Komissiyasının məlumatında bildirilir.

Qeyd olunur ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Tədbir Aİ ilə Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişafında növbəti mərhələ olacaq. Mərasimdən əvvəl Kos Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşəcək.

“Avropada nəqliyyat əlaqələrinin inkişafı Avropa Komissiyasının prioritetlərindən biri olaraq qalır. Dəmir yolunun bu hissəsinin açılışı komissar Kosun bu gün Bolqarıstanın Sofiya şəhərində VII Dəhliz üzrə Beynəlxalq Konfransda iştirakından sonra keçiriləcək. Konfransda o, Bolqarıstanın xarici işlər naziri Velislava Petrova-Çamovanın moderatorluğu ilə VIII Dəhlizin geosiyasi kontekstinə həsr olunmuş müzakirədə iştirak edib.

Halkalı - Kapıkule dəmir yolu Aİ ilə Türkiyə arasında əməkdaşlıq çərçivəsində bu günədək həyata keçirilən ən böyük infrastruktur layihəsidir. Layihənin həyata keçirilməsi üçün Aİ-nin Üzvlüyə Yardım Aləti (IPA II) çərçivəsində 275 milyon avro qrant ayrılıb.

Aİ-nin “Connectivity Agenda” transregional proqramının məqsədi strateji investisiyaların və tənzimləmə sahəsində əməkdaşlığın əlaqələndirilməsi yolu ilə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında Cənubi Qafqaz və Qara dəniz regionu vasitəsilə nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsidir”, - deyə Avropa Komissiyası bildirir.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti