Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni strateji mərhələyə yüksəlib

Siyasət Xəbər 9 Oktyabr 2026 10:30 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni strateji mərhələyə yüksəlib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində formalaşmış yeni mərhələnin əsas istiqamətlərini aydın şəkildə ortaya qoydu.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olması, ilk növbədə, ölkəmizin regionda artan siyasi və iqtisadi çəkisinin göstəricisidir:

"Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyada yerləşməsə də, tarixi, mədəni, mənəvi və siyasi baxımdan bu regionun dövlətləri ilə çox sıx bağlıdır. Ortaq türk kökləri, xalqlarımız arasında əsrlərlə formalaşmış münasibətlər və müstəqillik dövründə yaradılan qarşılıqlı etimad bu gün artıq konkret iqtisadi və geosiyasi layihələrlə tamamlanır. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi də bu yaxınlığın institusional səviyyədə təsdiqidir.

Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin sürətlə genişlənməsidir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 50 faizdən çox artması və Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi əməkdaşlığın real iqtisadi nəticələr verdiyini göstərir. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondları isə münasibətləri yeni mərhələyə çıxarmaq üçün mühüm maliyyə mexanizmidir.

Dövlətimizin başçısının vurğuladığı kimi, məqsəd yalnız qarşılıqlı ticarətin artırılması olmamalıdır. Birgə investisiyaların qoyulması, yeni istehsal müəssisələrinin yaradılması və istehsal olunan məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılması Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin iqtisadi əməkdaşlığını daha dayanıqlı edə bilər. Bu yanaşma, əslində, region ölkələrinin iqtisadi potensialının birləşdirilməsini nəzərdə tutan uzunmüddətli strateji baxışdır".

Deputat qeyd edib ki, nəqliyyat sahəsində əməkdaşlıq isə xüsusi əhəmiyyət daşıyır: "Mövcud geosiyasi şəraitdə Orta Dəhlizin rolu davamlı şəkildə artır. Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biridir. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər də bunu təsdiqləyir. Ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artması bu marşrutun perspektivlərinin kifayət qədər böyük olduğunu göstərir. Azərbaycan tərəfindən limanlara, dəmir və avtomobil yollarına, hava nəqliyyatı infrastrukturuna yatırılan böyük sərmayələr ölkəmizin bu prosesdəki rolunu daha da gücləndirir.

Energetika sahəsində də yeni əməkdaşlıq imkanları yaranır. Azərbaycan artıq Türkmənistan və Qazaxıstandan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit ölkədir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində görülən işlər göstərir ki, əməkdaşlıq ənənəvi neft və qaz sahəsindən bərpaolunan enerji istiqamətinə doğru genişlənir.

Prezidentin çıxışında azad edilmiş Azərbaycan ərazilərinin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakına xüsusi yer ayrılması da təsadüfi deyil. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda Manas adına məktəb inşa etməsi, Türkmənistanın isə Füzulidə məscid tikintisinə töhfəsi sadəcə iqtisadi yardım kimi qiymətləndirilməməlidir. Bunlar Azərbaycan xalqına göstərilən qardaşlıq münasibətinin və siyasi həmrəyliyin konkret ifadələridir.

Bütün bunlar göstərir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlər artıq ayrı-ayrı ikitərəfli əlaqələrin məcmusu deyil. Xəzərin hər iki sahilində yeni siyasi, iqtisadi, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlıq məkanı formalaşır. Azərbaycanın bu prosesdə iştirakı həm ölkəmizin milli maraqlarına, həm də daha geniş regionda sabitliyin və iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir.

Prezident İlham Əliyevin Türkmənbaşıda səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə münasibətlərə uzunmüddətli strateji perspektivdən yanaşır. Qarşılıqlı etimad, siyasi sabitlik, ortaq iqtisadi maraqlar və birgə infrastruktur layihələri üzərində qurulan bu əməkdaşlıq gələcək illərdə Avrasiya məkanında mühüm regional güc mərkəzlərindən birinin formalaşmasına ciddi töhfə verə bilər".

Xəbər lenti

Xəbər lenti