Türkmənbaşı. Trend:
MDB çərçivəsində ticari-iqtisadi əlaqələr ardıcıl olaraq inkişaf edir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov oktyabrın 9-da Avazada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında deyib.
O qeyd edib ki, xüsusilə son illərdə ümumi əmtəə dövriyyəsində müsbət dinamika müşahidə olunur, siyasi-diplomatik qarşılıqlı fəaliyyətin gündəliyi genişlənir. MDB formatı aktual beynəlxalq məsələlər üzrə diplomatik müzakirələr üçün əlverişli və məqbul platforma kimi özünü doğruldub.
“Əminəm ki, qarşıdakı müzakirələr və fikir mübadiləsi gələcək fəaliyyətimiz üçün mühüm istiqamətləri müəyyən edəcək. Həmişə dəyişməz qalan əsas məqsəd xalqlarımızın rifahı və firavanlığına nail olmaq, bizi birləşdirən bütün müsbət və dəyərli məqamları qoruyub saxlamaq və daha da inkişaf etdirmək, MDB-nin siyasi, iqtisadi və humanitar sahələrdə imkanlarını reallaşdırmaq, Birliyin beynəlxalq arenada nüfuzunu və fəaliyyət effektivliyini artırmaq, digər inteqrasiya strukturları, ilk növbədə isə BMT ilə tərəfdaşlıq əlaqələrini möhkəmləndirməkdir”, – deyə o bildirib.
