Bakı.Trend:
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 6,9 faiz artıb.
Bu barədə Azərbaycanın İqtisadi Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dərc etdiyi məlumatda qeyd olunub.
Məlumatda qeyd olunur ki, 1 oktyabr 2026-cı il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 900.967, aktiv ƏDV ödəyicilərinin sayı isə 6,9 faiz artaraq 62.414 təşkil edib.
Həmçinin bildirilir ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,2 faiz artıb və 247.206 təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Vergi Xidməti (DVX) xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub. Bu, proqnoz göstəricisindən 913,4 milyon manat çoxdur.
Bildirilir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz artıb.
“Neft-qaz sektorundan kənar sahələrdən vergi daxilolmaları 10 milyard 332,6 milyon manat təşkil edib. Proqnozdan əlavə olaraq büdcəyə 292,6 milyon manat ödənilib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan daxilolmalar 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb.
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat təşkil edib. Proqnozdan əlavə olaraq büdcəyə 267,2 milyon manat ödənilib. Büdcədənkənar təşkilatlardan daxilolmalar 3 milyard 401,6 milyon manatdan çox olub.
Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatdan çox təşkil edib. Proqnozdan əlavə olaraq büdcəyə 8 milyon manat ödənilib. Büdcədənkənar təşkilatlardan daxilolmalar təxminən 139,5 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar təxminən 758,8 milyon manat təşkil edib. Proqnozdan əlavə olaraq büdcəyə 18 milyon manat ödənilib. Büdcədənkənar təşkilatlardan daxilolmalar təxminən 507 milyon manat olub”, – deyə məlumatda bildirilir.
