"AmCham Azərbaycan" aqrar kreditlərdə mövsümiliyin və girov tələblərinin nəzərə alınmasını təklif edir

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 11:47 (UTC +04:00)
"AmCham Azərbaycan" aqrar kreditlərdə mövsümiliyin və girov tələblərinin nəzərə alınmasını təklif edir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsində əsas problemlərdən biri bankların aqrar sahənin xüsusiyyətlərini nəzərə almadan digər sektorlarla eyni kredit şərtlərini tətbiq etməsidir. Fermerlərin maliyyəyə çıxışını yaxşılaşdırmaq üçün mövsümi ödəniş qrafiklərinin, daha uzun kredit müddətlərinin və alternativ girov mexanizmlərinin tətbiqi vacibdir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) Qida və Kənd Təsərrüfatı İşçi Qrupunun sədri Elxan Mikayılov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.

Onun sözlərinə görə, hazırda dövlət qurumları və banklar tərəfindən müxtəlif maliyyə alətləri təklif edilsə də, fermerlər bu imkanlardan lazımi səviyyədə yararlana bilmirlər. Bu baxımdan, maliyyə alətlərinin mövcudluğu ilə aqrar sektorun real ehtiyacları arasındakı uyğunsuzluğun səbəbləri araşdırılmalı və problemin həllinə yönəlmiş praktiki mexanizmlər hazırlanmalıdır.

“Əsas problem tələb və təklif arasındakı asimmetriyadır. Dövlət qurumları və banklar müxtəlif alətlər təklif edirlər, lakin Azərbaycan fermeri bu imkanlardan yetərincə bəhrələnə bilmir. Bu səbəbləri araşdırmaq və onların aradan qaldırılmasına xidmət edən real mexanizmlər hazırlamaq lazımdır”, - deyə o bildirib.

Elxan Mikayılov qeyd edib ki, kənd təsərrüfatının maliyyələşdirilməsində əsas çətinliklərdən biri kredit şərtlərinin sahənin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılmamasıdır. Onun sözlərinə görə, banklar aqrar sektora kredit verərkən avtomobil və mebel sənayesi kimi sahələrdə tətbiq edilən yanaşmalardan istifadə edirlər.

Palata rəsmisi bildirib ki, kənd təsərrüfatında gəlirlər, xüsusilə bitkiçilikdə, əsasən mövsümi xarakter daşıyır. Buna baxmayaraq, kreditlərin ödəniş qrafikləri çox vaxt bütün aylar üzrə eyni ödənişlərin edilməsini nəzərdə tutur.

“Beynəlxalq təcrübə göstərir ki, kənd təsərrüfatının özünəməxsus maliyyələşmə və kreditlərin ödənilməsi mexanizmləri olmalıdır. Mövsümi aylarda daha yüksək ödənişlərin, qeyri-mövsümi dövrlərdə isə yalnız faiz ödənişlərinin nəzərdə tutulduğu alətlər formalaşdırılmalıdır. Zəmanət mexanizmlərindən istifadə etməklə bu yanaşmanı tətbiq etmək mümkündür”, - deyə o vurğulayıb.

E.Mikayılovun sözlərinə görə, digər mühüm məsələ kreditlərin müddətidir. Xüsusilə çoxillik bitkilərin yetişdirilməsi və meyvə bağlarının salınması ilkin investisiyaların geri qayıtması üçün uzun müddət tələb edir. Bəzi hallarda fermerin əkdiyi meyvə ağaclarından gəlir əldə etməsi üçün üç-beş il və ya daha çox vaxt lazım olur.

O bildirib ki, maliyyə institutlarının təklif etdiyi güzəşt müddətləri bir sıra hallarda kənd təsərrüfatı istehsalının xüsusiyyətlərinə uyğun gəlmir. Buna görə də kreditlərin müddətinin uzadılması və fermerlərə investisiyalarından gəlir əldə edənədək daha geniş güzəşt dövrünün verilməsi məqsədəuyğundur.

Palata rəsmisi fermerlərin maliyyə savadlılığı, maliyyə intizamı və girov təminatı ilə bağlı çətinliklərin də maliyyəyə çıxış imkanlarına təsir etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, fermerlər bəzən bankların təklif etdiyi maliyyə alətlərindən istifadə etmək üçün tələb olunan maliyyə biliklərinə və sənədləşmə imkanlarına malik olmurlar.

Eyni zamanda, aqrar sahədə kredit almaq istəyən sahibkarlardan digər sektorlarla oxşar qaydada daşınmaz əmlak girovu tələb edilməsi əlavə maneə yaradır. E.Mikayılov hesab edir ki, bu problemin həlli üçün məhsulun özünün girov kimi qəbul edilməsinə imkan verən alternativ mexanizmlər genişləndirilməlidir.

“Məhsulun özünün girov kimi qəbul edilməsi, eləcə də anbarda saxlanılan və gələcəkdə əldə olunacaq məhsullara dair şəhadətnamələrdən istifadə mühüm əhəmiyyət daşıyır. Beynəlxalq təcrübədə anbar şəhadətnaməsi (warehouse receipt) və gələcək məhsula dair qəbz (crop receipt) kimi alətlər tətbiq olunur. Bu mexanizmlər fermerlərin mövcud və gələcək məhsullarının girov təminatı kimi qəbul edilməsinə imkan verir”, - deyə o bildirib.

E.Mikayılov qeyd edib ki, “AmCham Azərbaycan” maliyyə institutları və aqrar sektorun nümayəndələri ilə əməkdaşlıq çərçivəsində bu cür alətlərin pilot layihələr vasitəsilə tətbiqini müzakirə edir. Palatanın üzvü olan bankların, maliyyə institutlarının və kənd təsərrüfatı təşkilatlarının birgə fəaliyyəti ilə həmin mexanizmlərin praktikada tətbiq imkanlarının nümayiş etdirilməsi nəzərdə tutulur.

O, aqrar emal müəssisələrinin və istixanaların maliyyələşdirilməsində də layihə maliyyələşdirilməsi mexanizmlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, belə layihələr çərçivəsində kredit hesabına yaradılan aktivin özünün girov kimi qəbul edilməsi mümkün olsa da, banklar bu yanaşmadan istifadə etməkdə hələ də tərəddüd edirlər.

“İstixananın və ya emal müəssisəsinin tikintisi özü girov təminatı yarada bilər. Dünya təcrübəsində layihə maliyyələşdirilməsi adlanan bu yanaşma çərçivəsində kredit nəticəsində yaradılan aktivin özünün girov kimi qəbul edilməsi imkanlarından istifadə olunmalıdır”, - deyə o bildirib.

Palata rəsmisi aqrar sektorda zəmanət mexanizmlərinin inkişaf etdirilməsini də zəruri hesab edir. O qeyd edib ki, mövcud zəmanət alətlərinə baxmayaraq, fermerlər və aqrar emal müəssisələri bu imkanlardan kifayət qədər yararlana bilmirlər.

E.Mikayılovun fikrincə, zəmanət mexanizmlərinin genişləndirilməsi bankların risklərini azaltmaqla fermerlərin maliyyələşməyə çıxışını asanlaşdıra bilər. O, Azərbaycan Biznesinin İnkişafı Fondunda aparılan yenidənqurma işlərinin və yeni maliyyə alətlərinin tətbiqinin bu istiqamətdə imkanları artıracağına ümid etdiyini bildirib.

Bununla yanaşı, o, subsidiya mexanizmlərinin genişləndirilməsini müsbət qiymətləndirib və aqrar kredit sığortasının tətbiqinin də maliyyə alətlərinə tələblə təklif arasındakı uyğunsuzluğun aradan qaldırılmasına mühüm töhfə verə biləcəyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti