Azərbaycanda aqrar sahəyə 6 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur - Anar Cəfərov

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 10:59 (UTC +04:00)
Azərbaycanda aqrar sahəyə 6 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur - Anar Cəfərov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət və özəl sektor tərəfindən ümumilikdə 6 milyard manata yaxın sərmayə qoyuluşu nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda deyib.

O bildirib ki, 2026-cı il mayın 25-də qəbul edilmiş kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramında istehsalla yanaşı, Azərbaycanda istehsal olunan məhsulların emalına da xüsusi diqqət ayrılıb.

Anar Cəfərov qeyd edib ki, bu proqramın icrası ərəfəsində aqrar biznes forumlarının keçirilməsi dövlət və özəl sektor arasında əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə fəaliyyət göstərən iş adamları və ixtisaslaşmış platformalarla sıx əməkdaşlığa önəm verir. Beynəlxalq Aqro Biznes Forumuna göstərilən dəstəyin əsas məqsədi də dövlət və özəl sektor arasında əlaqələrin daha sıx qurulmasıdır.

Mərkəz rəhbəri “Caspian Agro Week” sərgisinin formatının bu ildən genişləndirildiyini də diqqətə çatdırıb. O bildirib ki, ənənəvi sərgi ilə yanaşı, təsərrüfatlara səfərlər, forum və konfranslar da bu format çərçivəsində təşkil olunur.

“Bu il beş forum və bir konfrans təşkil olunub. Gələn il forumların sayı artacaq”, – deyə Anar Cəfərov bildirib.

O, sahibkarları gələn il keçiriləcək 20-ci yubiley “Caspian Agro Week” sərgisində iştirak etməyə dəvət edib, aqrar sahə üzrə digər forumların da həmin tədbir çərçivəsində keçirilməsinə çağırıb.

Xəbər lenti

Xəbər lenti