Azərbaycanın xarici dövlət borcu təxminən 8 faiz azalıb

Maliyyə Xəbər 9 Oktyabr 2026 11:32 (UTC +04:00)
Azərbaycanın xarici dövlət borcu təxminən 8 faiz azalıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın xarici dövlət borcu 4,509 milyard dollar təşkil edib.

Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilir ki, bu göstərici bir il əvvəlki dövrlə müqayisədə 7,8 faiz azdır.

2026-cı il oktyabrın 1-nə ölkənin strateji valyuta ehtiyatları 89,381 milyard dollara çatıb ki, bu da bir il əvvəlki göstəricidən 9,7 faiz çoxdur.

Qeyd edək ki, Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə baş iqtisadçısı Val Mansur “İqtisadi artımın stimullaşdırılması və iqtisadiyyatın şaxələndirilməsi üçün turizmin potensialının üzə çıxarılması” adlı tədbirdə çıxışı zamanı bildirib ki, hökumət büdcə profisitini qoruyub saxlayıb, dövlət borcu aşağı səviyyədə qalır, beynəlxalq ehtiyatlar yetərli səviyyədədir, bank sektoru isə sabitliyini qoruyur. Onun sözlərinə görə, neft-qaz sektorunun iqtisadi artımın əsas mənbəyi kimi rolunun azalması fonunda iqtisadiyyatın artım üçün yeni hərəkət verici qüvvələrə ehtiyacı var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur.

Qurumun hesabatında bildirilir: “Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil edib”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti