Bakı.Trend:
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın iqtisadiyyatına 14 milyard 689 milyon manat investisiya yatırılıb.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəriciləri” hesabatında bildirilib.
Qurumun məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Qeyri-neft-qaz sektoruna investisiyalar isə 3,1 faiz artaraq 9 milyard 813 milyon manat təşkil edib.
Komitənin məlumatına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard 48 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.
2026-cı il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509 milyon dollar təşkil edib. Ölkənin strateji valyuta ehtiyatları isə ötən ilin eyni tarixi ilə müqayisədə 9,7 faiz artaraq 89 milyard 381 milyon dollara çatıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransında kredit aktivliyinin artması fonunda iqtisadi artım proqnozlarına yenidən baxıldığını bildirib.
“2026-cı ildə iqtisadi artımın 0,5 faiz, qeyri-neft-qaz sektorunda ÜDM artımının isə 2,4 faiz olacağını proqnozlaşdırırıq. 2027-ci ildə iqtisadi artımın 2,6 faiz, qeyri-neft-qaz sektorunda artımın isə 3,9 faiz təşkil edəcəyini gözləyirik”, – deyə Mərkəzi Bankın sədri bildirib.
