Son altı ildə milli-mənəvi dəyərlərlə bağlı 689 layihə həyata keçirilib - Ülviyyə Qarayeva

Cəmiyyət Xəbər 9 Oktyabr 2026 13:45 (UTC +04:00)
Son altı ildə milli-mənəvi dəyərlərlə bağlı 689 layihə həyata keçirilib - Ülviyyə Qarayeva
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son altı ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqələri çərçivəsində milli-mənəvi dəyərlərlə bağlı 689, rəqəmsal savadlılıqla bağlı isə 135 layihə qalib olub.

Trend-in tədbirdə iştirak edən müxbirinin məlumatına görə, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva cümə günü “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfrans çərçivəsində keçirilən “Müasir informasiya mühitində gənclərin rəqəmsal savadlılığı və milli dəyərlər” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, müasir rəqəmsal dünya insanları əhatə etsə də, bəzən insanlar rəqəmsal alətlərin imkanlarından düzgün istifadə etmirlər. Bu isə dezinformasiyanın yayılmasına və milli dəyərlərin unudulmasına səbəb ola bilər.

“Az qala biz onu yox, o bizi idarə edir”, – deyə Ü.Qarayeva rəqəmsal dünyanın insanlara təsirini xarakterizə edib.

Onun sözlərinə görə, rəqəmsal platformalardan düzgün istifadə və milli dəyərlərin təbliği paralel şəkildə inkişaf etməlidir. Bu istiqamətdə müsbət nəticələr əldə etmək üçün dövlət qurumları və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.

Ü.Qarayeva qeyd edib ki, rəqəmsal savadlılığın artırılması və milli-mənəvi dəyərlərin qorunmasında qeyri-hökumət təşkilatlarının (QHT) rolu böyükdür. QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il qrant müsabiqələri elan edir və rəqəmsal savadlılıqla milli dəyərlərin təbliği həmin müsabiqələrin prioritet istiqamətləri sırasında yer alır.

O bildirib ki, son altı ildə agentliyin elan etdiyi 2 499 qalib layihənin 135-i, yəni 5,4 faizi rəqəmsal savadlılıq, 689-u, yəni 27,6 faizi isə milli-mənəvi dəyərlərlə bağlı olub.

Həmin layihələr çərçivəsində görüşlər, dəyirmi masalar və konfranslar keçirilib, kitablar nəşr edilib, videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunub.

Ü.Qarayeva bildirib ki, milli dəyərlərin təbliği üzrə layihələr milli-mənəvi və ailə dəyərlərini, vətənpərvərliyi, şəhid və qəhrəmanların xatirəsini, mədəni irsi və adət-ənənələri, ana dilini, ədəbiyyatı, görkəmli şəxsiyyətlərin irsini, Qərbi Azərbaycanın tarixi-mədəni irsini, tarixi yaddaşı, milli ideologiyanı, tolerantlığı və türk dünyası ilə mənəvi bağları əhatə edib.

Rəqəmsal savadlılıq istiqamətində isə rəqəmsal bacarıqlar və informasiya-kommunikasiya texnologiyaları təhsili, kibertəhlükəsizlik, təhlükəsiz internet, sosial media, rəqəmsal informasiya məkanı və süni intellektlə bağlı layihələr həyata keçirilib.

Agentliyin Kommunikasiya şöbəsinin müdiri diqqətə çatdırıb ki, agentlik Gənclər və İdman Nazirliyi ilə birgə qrant müsabiqələri də elan edib. Bu müsabiqələrin istiqamətlərindən biri rəqəmsal transformasiya, innovasiya və süni intellekt əsaslı təşəbbüslərlə bağlıdır. Həmin istiqamət üzrə süni intellekt, innovasiya, startaplar, kibertəhlükəsizlik və yeni texnologiyalarla bağlı təşəbbüslərə üstünlük verilir.

Digər istiqamət gənclər arasında sağlam həyat tərzinin, fiziki fəallığın və idmanın təşviqi, zərərli vərdişlərin və riskli davranışların qarşısının alınması, ictimai davranış mədəniyyətinin inkişaf etdirilməsidir.

Ü.Qarayevanın sözlərinə görə, bu istiqamətdə gənclərin vətənpərvərlik ruhunda mənəvi-əxlaqi tərbiyəsinə, sağlamlığının qorunmasına və fiziki inkişafına, narkotik vasitələr, siqaret və ekran aludəçiliyi ilə mübarizəyə, erkən nikahın, məişət zorakılığının və insan alverinin qarşısının alınmasına yönəlmiş təşəbbüslərə də üstünlük verilir.

O bildirib ki, birgə qrant müsabiqəsi üzrə QHT-lərdən daxil olan layihə təklifləri hazırda ekspertlər tərəfindən yoxlanılır. Qaliblər müəyyənləşdirildikdən sonra layihələrin adları və sayı ictimaiyyətə açıqlanacaq.

Ü.Qarayeva qeyd edib ki, Prezidentin 2025-ci ildə imzaladığı fərmana əsasən, agentlik artıq dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının bütün növ maliyyələşdirilməsini müvafiq dövlət qurumları ilə birlikdə “bir pəncərə” prinsipi əsasında həyata keçirir.

Onun sözlərinə görə, gələn ildən agentlik ənənəvi qrant müsabiqələri ilə yanaşı, donor qurumlarla birgə yeni qrant müsabiqələri də elan edəcək. Yaxın vaxtlarda 2027-ci il üzrə qrant müsabiqələrinin mövzuları açıqlanacaq və rəqəmsal savadlılıqla milli dəyərlərin təbliği növbəti ildə də prioritet istiqamətlər arasında qalacaq.

Agentliyin nümayəndəsi əlavə edib ki, hər il layihələrin qəbulundan əvvəl QHT-lər üçün infosessiyalar təşkil olunur. Bu görüşlərdə təşkilatlara layihələrdən gözləntilər izah edilir, onların təklifləri dinlənilir və sualları cavablandırılır.

“Çalışacağıq ki, QHT-lər rəqəmsal savadlılıq və milli dəyərlərin təbliği istiqamətində daha innovativ və daha nəticəyönümlü layihələr təqdim etsinlər”, – deyə Ü.Qarayeva bildirib.

O, həmçinin qeyd edib ki, agentliyin sosial şəbəkə hesablarında QHT-lərin həyata keçirdiyi layihələr geniş işıqlandırılır, milli dəyərlərin və tarixi yaddaşın qorunması istiqamətində müxtəlif videoroliklər hazırlanaraq təqdim edilir.

Ü.Qarayeva vurğulayıb ki, rəqəmsal savadlılığın artırılması və milli dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət müsbət nəticələrin əldə olunmasına imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti