Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə turizm və dağlıq regionların inkişafı sahəsində əməkdaşlığın perspektivlərini açıqlayıb.
Qırğızıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sadır Japarov bunu oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.
Dövlət başçısı Qırğızıstanın MDB ölkələri ilə ticarət-iqtisadi, investisiya və istehsal sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.
O, həmçinin energetika, aqrar-sənaye kompleksi, nəqliyyat, logistika, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahələrində qarşılıqlı fəaliyyətin inkişafının vacibliyini vurğulayıb.
Sadır Japarov turizm və dağlıq regionların inkişafı sahəsində əməkdaşlığın perspektivlərinə də toxunaraq MDB ölkələrinin dövlət başçılarını 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək İkinci Qlobal Dağ Sammitində – “Bişkek+25”də iştirak etməyə dəvət edib.
Mədəni-humanitar əməkdaşlıq çərçivəsində isə o, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyi münasibətilə 2028-ci ildə MDB-nin himayəsi altında birgə tədbirlərin keçirilməsini təklif edib.
“Yekunda Sadır Japarov Qırğızıstanın Birliyin möhkəmləndirilməsinə bundan sonra da töhfə verməyə hazır olduğunu vurğulayıb”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanın Xəzər sahilində, Türkmənbaşı şəhəri yaxınlığında yerləşən “Avaza” milli turizm zonasında Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilir. Tədbir MDB-nin yaradılmasının 35-ci ildönümünə həsr olunub və Türkmənistanın 2026-cı ildə təşkilata sədrliyi çərçivəsində əsas tədbirlərdən biridir.
