Bakı.Trend:
Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əməkdaşlıq, rəqəmsallaşma, innovasiyalar və bərpaolunan enerji sahələrinə xüsusi diqqət yetirib.
Tacikistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Emoməli Rəhmon bu barədə oktyabrın 9-da Türkmənistanın “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən bildirib.
Dövlət başçısı texnoloji əməkdaşlığın inkişaf etdirilməsinin, innovasiyaların, rəqəmsal həllərin və süni intellektin tətbiqinin, “yaşıl” iqtisadiyyatın təşviqinin, eləcə də bərpaolunan enerji sahəsində konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
“Tacikistan Prezidenti iclas çərçivəsində qəbul edilən qərarları dəstəkləyərək, ölkəsinin MDB çərçivəsində çoxtərəfli və konstruktiv əməkdaşlığın davam etdirilməsinin tərəfdarı olduğunu bir daha bəyan edib”, – deyə Mətbuat xidmətinin məlumatında bildirilib.
Prezident, həmçinin nəqliyyat əlaqələrinin daha da inkişaf etdirilməsinin, ticari-iqtisadi, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin, eləcə də təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin zəruriliyini qeyd edib.
Emoməli Rəhmon Tacikistanın 2027–2036-cı illərin Gələcək Nəsillər Naminə Sülhün Möhkəmləndirilməsi üzrə Beynəlxalq Onillik elan edilməsi təşəbbüsünə də xüsusi diqqət yetirib. Onun sözlərinə görə, 2027-ci ilin iyununda Düşənbədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq tərəfdaşlarla birgə Onilliyin rəsmi açılışına həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının iclası oktyabrın 9-da Türkmənistanın Xəzər sahilində, Türkmənbaşı şəhəri yaxınlığında yerləşən “Avaza” milli turizm zonasında Prezident Sərdar Berdiməhəmmədovun sədrliyi ilə keçirilir. Tədbir MDB-nin yaradılmasının 35-ci ildönümünə həsr olunub və Türkmənistanın 2026-cı ildə təşkilata sədrliyi çərçivəsində əsas tədbirlərdən biridir.
