Türkiyə şirkəti Azərbaycanda müasir suvarma texnologiyalarının tətbiqini genişləndirməyə hazırdır

İqtisadiyyat Xəbər 9 Oktyabr 2026 15:28 (UTC +04:00)
Türkiyə şirkəti Azərbaycanda müasir suvarma texnologiyalarının tətbiqini genişləndirməyə hazırdır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “Sezer Tarım və Sağım Texnologiyaları” şirkəti Azərbaycanda müasir suvarma texnologiyalarının tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və istehsalın davamlılığının təmin edilməsi istiqamətində əməkdaşlıqda maraqlıdır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyənin “Sezer Tarım və Sağım Texnologiyaları” şirkətinin rəhbəri Kağan Hişim cümə günü Bakıda keçirilən III Beynəlxalq Aqrobiznes Forumunda deyib.

Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi həm heyvandarlıqda, həm də suvarma sistemlərində istehsalın səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

K.Hişim vurğulayıb ki, qlobal pandemiya və müharibələr ərzaq təhlükəsizliyinin yalnız ehtiyatların yaradılması ilə məhdudlaşmadığını, dayanıqlı istehsal imkanlarının formalaşdırılmasının da vacib olduğunu göstərib.

“Ərzaq təhlükəsizliyi təkcə anbarlarımızda arpa və buğda ehtiyatlarının olması demək deyil. Müharibə və ya pandemiya zamanı bu ehtiyatlar tükənə bilər. Ərzaq təhlükəsizliyini dayanıqlı istehsal hesabına təmin edə bilərik. Bunun üçün həm heyvandarlıqda, həm də suvarmada ən müasir istehsal müəssisələrinə və texnologiyalara malik olmalıyıq”, - deyə o bildirib.

Şirkət rəhbəri kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib. O, Niderlandın təcrübəsini nümunə göstərərək bildirib ki, bu ölkə məhdud ərazisinə baxmayaraq, yüksək məhsuldarlıq əldə edir, daxili tələbatını ödəyir və kənd təsərrüfatı məhsullarını dünya bazarlarına ixrac edir.

K.Hişimin sözlərinə görə, Azərbaycan və Türkiyə kimi kənd təsərrüfatı ənənələrinə malik ölkələr müasir texnologiyaların tətbiqini genişləndirməklə bu sahədə istehsal imkanlarını daha da inkişaf etdirə bilərlər.

O, rəhbərlik etdiyi şirkətin fəaliyyət istiqamətləri barədə də məlumat verib. Bildirib ki, 1978-ci ildə yaradılan “Sezer Tarım” heyvandarlıq və süd sağım sistemləri sahəsində ixtisaslaşıb. Şirkət son 20 ildə barabanlı suvarma maşınları istiqamətində də fəaliyyət göstərir, son iki ildə isə pivot suvarma sistemlərinin istehsalına başlayıb.

K.Hişim qeyd edib ki, şirkət Azərbaycanla əməkdaşlıq çərçivəsində yalnız avadanlıq satışı ilə kifayətlənmək niyyətində deyil. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi ilə yanaşı, mütəxəssislərin hazırlanması, texniki biliklərin ötürülməsi və ehtiyat hissələrinin davamlı təminatı da kənd təsərrüfatı istehsalının fasiləsizliyi üçün vacibdir.

“Biz Azərbaycana sadəcə məhsul satıb gedən tərəfdaş olmaq istəmirik. Burada təlimlər keçirməklə, ehtiyat hissələrinin davamlı təminatını təşkil etməklə istehsalın fasiləsizliyinə töhfə vermək istəyirik. "Sezer Tarım" olaraq bu missiyanı üzərimizə götürməyə hazırıq”, - deyə o bildirib.

Şirkət rəhbəri kənd təsərrüfatı məhsullarının istehsalçıdan son istehlakçıya çatdırılması zamanı yaranan qiymət fərqinə də diqqət çəkib. O qeyd edib ki, istehsalçılarla istehlakçılar arasında fəaliyyət göstərən vasitəçilər məhsulların son satış qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

“Bəzən istehsalçı məhsulu 1 manata istehsal edir, lakin istehlakçı həmin məhsulu 3 manata alır. Nəticədə nə istehsalçı, nə də istehlakçı razı qalır. Azərbaycan bu təcrübədən nəticə çıxararaq vasitəçilərin yaratdığı qiymət artımını azaldan model tətbiq etsə, kənd təsərrüfatında daha sürətlə irəliləyə bilər”, - deyə K.Hişim vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti