Fermerlərin çiləyici dron xidmətlərindən istifadəsi subsidiyalaşdırılır - Anar Cəfərov (MÜSAHİBƏ)

Cəmiyyət Müsahibə 9 Oktyabr 2026 16:41 (UTC +04:00)
Fermerlərin çiləyici dron xidmətlərindən istifadəsi subsidiyalaşdırılır - Anar Cəfərov (MÜSAHİBƏ)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda fermerlərin dövlət tərəfindən verilən subsidiyalar hesabına çiləyici dronlardan istifadəsi tətbiq olunur.

Bunu Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov Trend Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, fermerlərin aqrar startapların göstərdiyi xidmətlərdən və təqdim etdiyi avadanlıqlardan subsidiya hesabına istifadəsi də nəzərdə tutulur.

“Fermerlər dövlət tərəfindən verilən subsidiya hesabına sertifikatlı toxumlar, sertifikatlı tinglər, gübrə, dərman və pestisidlər əldə edə bilirlər. Həmçinin bu vəsait hesabına dronlardan da istifadə edə biləcəklər. Yaxın gələcəkdə bunun tətbiq olunması planlaşdırılır”, – deyə o bildirib.

Müsahibədə Anar Cəfərov kənd təsərrüfatında süni intellekt və rəqəmsal həllərin tətbiqi, aqrar startapların kommersiyalaşması, intensiv meyvə bağlarının genişləndirilməsi, təhsil müəssisələri ilə əməkdaşlıq və işğaldan azad edilmiş ərazilərdə məşğulluq imkanlarından da danışıb.

Yüzdən çox aqrar startapdan ibarət ekosistem formalaşıb

Aqrar startapların kommersiyalaşması barədə danışan Anar Cəfərov bildirib ki, Aqrobiznes festivalları çərçivəsində mütəmadi hakatonlar keçirilir. Bu tədbirlərdə, xüsusilə süni intellekt, data analitikası, kompüter mühəndisliyi və digər müvafiq ixtisaslarda təhsil alan tələbələr iştirak edirlər.

Onun sözlərinə görə, tələbələr hazırladıqları məhsul və prototiplər üzərində çalışaraq layihələrini inkişaf etdirirlər.

“Artıq yüzdən çox kiçik aqrar startapdan ibarət ekosistem formalaşıb. Startapçılar fermerlərin gəlirlərini artıran, xərclərini azaldan müxtəlif yanaşmalar, platformalar, satış platformaları, avadanlıqlar və preparatlar hazırlayıblar. Bu layihələrin bir neçəsi artıq kütləvi istehsal səviyyəsinə çatıb və istehsal mərhələsindədir. Bir neçəsi isə fermerlərə məhsul və xidmət satır”, – deyə o bildirib.

Mərkəzin rəhbəri qeyd edib ki, hakaton və müsabiqələrdə təqdim olunan layihələr arasında arıçılıq və meyvə yığımı üçün həllər, eləcə də şoklama aparatı var.

“Bu məhsullar festivallarımızda təqdim olunub və fermerlərin qaldırdıqları məsələlər nəzərə alınmaqla təkmilləşdirilib”, – deyə Anar Cəfərov vurğulayıb.

Süni intellekt və rəqəmsal həllərin təsərrüfatlarda tətbiqi

Aqrar İnnovasiya Mərkəzinin dəstəklədiyi süni intellekt və rəqəmsal həllərin təsərrüfatlarda tətbiqi, fermerlərin xərclərinə və məhsuldarlığına təsiri barədə sualı cavablandıran Anar Cəfərov bildirib ki, bölgələrdə keçirilən Aqrobiznes festivallarında ağıllı həllər təklif edən şirkətlər də iştirak edir. Həmin şirkətlərin texnologiyaları fermerlərin diqqətinə çatdırılır.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi süni intellekt layihəsi çərçivəsində, xüsusilə şimal və şimal-qərb bölgələrində meyvə bağı sahiblərinə məlumatların ötürülməsi istiqamətində fəaliyyət davam etdirilir.

“Aqrar İnnovasiya Mərkəzinin dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi ilə bağlı layihəsi də var. Bu layihə çərçivəsində 20-dən artıq ali məktəbin tələbələrinin iştirakı ilə bölgələrdə innovativ təsərrüfatlara mütəmadi səfərlər təşkil olunur. Tələbələrlə təsərrüfat sahibləri arasında əməkdaşlıq əlaqələri qurulur. Nəticədə tələbələr aqrar sahədə tətbiqinə ehtiyac duyulan məhsulların yaradılmasına dəstək göstərirlər”, – deyə o bildirib.

Mərkəzin rəhbəri qeyd edib ki, subsidiya mexanizmi vasitəsilə fermerlərə göstərilən dövlət dəstəyi müasir texnologiyaların tətbiqini də təşviq edir. Onun sözlərinə görə, 15 hektardan böyük salınan meyvə bağlarında meteostansiyanın quraşdırılması tələbi var.

“15 hektarlıq meyvə bağı kifayət qədər böyük məhsuldarlıq və gəlir deməkdir. Fermerlər bağ saldıqda və düzgün aqrotexniki qulluq göstərdikdə yaxşı gəlir əldə edə bilirlər. Bu qurğular vasitəsilə zərərvericilər, torpağın rütubəti, hava şəraiti və digər amillərlə bağlı məlumatlar toplanır, emal olunur və bildiriş formasında fermerlərə təqdim edilir”, – deyə Anar Cəfərov qeyd edib.

Monitorinq nəticələrində fərq olduqda təkrar yoxlama aparılır

Süni intellektin əkin sahələrini səhv qiymətləndirməsi ehtimalı, yoxlama mexanizmləri və nəticələrin dəqiqliyi barədə sualı cavablandıran Anar Cəfərov bildirib ki, fermerlər məhsul əkdikləri sahələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edirlər. Həmin sahələrdə monitorinq bir neçə istiqamət üzrə həyata keçirilir.

Onun sözlərinə görə, süni intellektin tətbiqindən əvvəl də monitorinq peyk və dronlar vasitəsilə, eləcə də əraziyə gedilərək yerində baxış keçirilməsi yolu ilə aparılıb.

“Süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bu prosesləri sürətləndirmək baxımından burada da süni intellekt alətlərindən istifadə olunur. Bununla yanaşı, bir-birini təkrar yoxlayan alətlər və mexanizmlər də mövcuddur. Bu vasitələrin verdiyi nəticələrin dəqiqliyi, demək olar ki, 100 faizə yaxındır”, – deyə o bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, müxtəlif üsullarla aparılan monitorinqlərin nəticələri yoxlanılır və tutuşdurulur.

“Monitorinqlər bir neçə istiqamətdə aparılır. Həmin monitorinqlərin nəticələri yoxlanılır, tutuşdurulur və fərq olduğu təqdirdə təkrar yoxlama həyata keçirilir. Ona görə də fermerləri bu istiqamətdə narahat edən hər hansı məqamın olduğunu düşünmürəm”, – deyə Anar Cəfərov vurğulayıb.

Sertifikatlı toxumdan istifadə məhsuldarlığı artırır

Son bir ildə yeni texnologiyaların tətbiq olunduğu təsərrüfatların sayı və bu texnologiyaların istehsal xərclərinə təsiri barədə suala cavabında Anar Cəfərov son beş ildə ölkənin müxtəlif bölgələrində fermer təsərrüfatlarının yeni texnologiyalardan istifadəsinin genişləndiyini bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən verilən güzəştlər və subsidiyalar fermerləri sertifikatlı toxum, sertifikatlı ting və innovativ texnologiyalardan istifadəyə təşviq edir.

“Bazarda kifayət qədər şirkət var və onların təqdim etdiyi məhsul və xidmətlər bu şərtlərə, demək olar ki, cavab verir. Fermerlər bazara üz tutduqda ən müasir, ehtiyac duyulan avadanlıq və texnologiyaları əldə edə bilirlər”, – deyə o bildirib.

Mərkəzin rəhbəri taxılçılıqda sertifikatlı toxumdan istifadənin məhsuldarlığa təsirini xüsusi qeyd edib. Onun sözlərinə görə, bu ildən Aqrar Subsidiya Şurasının qərarına əsasən, beş hektardan böyük ərazilərdə sertifikatlı toxumdan istifadə şərti müəyyənləşdirilib.

“Fermerlər sertifikatlı toxumdan istifadə etdikdə məhsuldarlıq ən azı 30–40 faiz artır. Bununla bağlı statistik məlumatlarımız da var. Əsas məqsədimiz fermerlərin sertifikatlı toxumlardan istifadə etməsidir. Müəyyənləşdirilmiş şərtlər çərçivəsində məhz sertifikatlı toxumdan istifadə etdikdə onlar dövlət tərəfindən verilən subsidiyanı ala biləcəklər”, – deyə Anar Cəfərov vurğulayıb.

O əlavə edib ki, fermerlərin müasir yanaşma və avadanlıqları tətbiq etməsi, sertifikatlı toxum və tinglərdən istifadəsi dövlət dəstəyinin əsas məqsədlərindəndir.

2030-cu ilədək intensiv meyvə bağlarının sahəsinin 70 min hektara çatdırılması nəzərdə tutulur

İntensiv meyvə bağlarının genişləndirilməsi və tinglərlə təminatı məsələsinə toxunan Anar Cəfərov bildirib ki, 2026-cı ilin mayında Prezident İlham Əliyev tərəfindən qəbul olunan, kənd təsərrüfatı, akvakultura və balıqçılıq məhsullarının istehsalı və emalını əhatə edən Dövlət Proqramında bir sıra prioritet istiqamətlər müəyyənləşdirilib. Yeni intensiv meyvə bağlarının salınması da həmin hədəflərdən biridir.

“Azərbaycan müstəqillik əldə etdikdən indiyədək ölkədə 50 min hektar intensiv meyvə bağı salınıb. 2030-cu ilədək bu sahənin 70 min hektara çatdırılması, başqa sözlə, əlavə 20 min hektar intensiv meyvə bağının salınması nəzərdə tutulur”, – deyə o bildirib.

Anar Cəfərov tinglərlə təminat məsələsinə də toxunaraq qeyd edib ki, 70 min ting üçün 200 min manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Azərbaycan tingləri həm xaricdən alır, həm də onların yerli istehsalını təmin edir.

Mərkəz rəhbəri bildirib ki, Azərbaycanda yeni yaradılan tingçilik təsərrüfatları nəzərdə tutulan bağları tinglərlə tam təmin etmək gücündədir. Bununla yanaşı, sahibkarların seçim imkanlarının olması da əhəmiyyətlidir.

“Ola bilər ki, hansısa sahibkar Niderlandda yetişdirilən müəyyən meyvə tingindən istifadə etmək istəsin. Ona görə də biz maraqlıyıq ki, bu sahədə seçim imkanları olsun”, – deyə Anar Cəfərov əlavə edib.

Şaftalı və nektarin bağlarının salınmasına subsidiya verilməyəcək

Şaftalı və nektarin bağlarının salınmasına subsidiyanın verilməməsinin səbəblərini açıqlayan mərkəz rəhbəri bildirib ki, dövlət tərəfindən müəyyən meyvə və məhsullar üzrə subsidiya əmsalları tətbiq edilir. Əvvəlki illərdə şaftalı və nektarin bağlarının salınması təşviq olunsa da, gələn ildən həmin bağların salınmasına subsidiya verilməyəcək.

“Bu o deməkdir ki, istənilən fermer həmin bağları salmaqda sərbəstdir. Amma əlavə dövlət dəstəyi və subsidiya almaq istəyirsə, dövlət tərəfindən müəyyənləşdirilmiş məhsulları əkməlidir ki, həmin vəsaitdən faydalana bilsin”, – deyə o bildirib.

Anar Cəfərov qeyd edib ki, qərar daxili və xarici bazarlardakı tələbatın təhlili ilə bağlıdır.

“Azərbaycan öz məhsullarını xarici bazarlara ixrac edir. Hazırkı satış həcmi təhlil olunub və belə qənaətə gəlinib ki, nektarin və şaftalı istiqamətində salınan bağlar artıq həm daxili bazarın, həm də mövcud xarici bazarlarımızın tələbatını təmin edir. Ona görə də digər meyvə və məhsulların yetişdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib”, – deyə o vurğulayıb.

Təhsil müəssisələri ilə əməkdaşlıq və tələbələrin məşğulluğu

Təhsil müəssisələri ilə əlaqələrin necə qurulduğu barədə sualı cavablandıran Anar Cəfərov bildirib ki, Aqrar İnnovasiya Mərkəzi 20-yə yaxın ali məktəblə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, kənd təsərrüfatı iqtisadiyyatın əsas real sahələrindən biri olduğundan müxtəlif istiqamətlər üzrə ixtisaslaşan ali məktəblərin tələbələri üçün də fəaliyyət imkanları yaradır.

“Ali məktəblər maraqlıdır ki, tələbələr öz gələcəklərini düzgün planlaşdırsınlar, kənd təsərrüfatı ilə bağlı layihələrini həyata keçirsinlər və bu sahədə çalışsınlar. Biz bunun effektivliyini görürük. Təşkil etdiyimiz hakatonlarda iştirak edən ona yaxın, bəlkə də daha çox tələbə artıq aqrar sahədə fəaliyyət göstərən İT şirkətlərinin əməkdaşına çevrilib. Bizim də elə əməkdaşlarımız var ki, onları bu layihələr çərçivəsində dəyərləndirmişik və artıq həmkarlarımızdır”, – deyə o bildirib.

Mərkəz rəhbəri qeyd edib ki, əməkdaşlıq yalnız ali məktəblərlə məhdudlaşmır. Peşə Təhsili üzrə Dövlət Agentliyi və bölgələrdə fəaliyyət göstərən peşə məktəbləri ilə də birgə fəaliyyət həyata keçirilir.

“Aqrobiznes festivalının hansı bölgədə keçirilməsindən asılı olmayaraq, ətraf rayonlarda fəaliyyət göstərən peşə məktəbləri orada yaxından iştirak edirlər. Peşə məktəbləri kadr hazırlığı ilə məşğuldur və bu, aqrar sahə üçün çox önəmlidir. Onların hazırladığı kadrlar və mütəxəssislər həmin bölgədə fəaliyyət göstərən təsərrüfatlarda iş imkanları əldə edə bilərlər”, – deyə Anar Cəfərov vurğulayıb.

O bildirib ki, peşə məktəbləri festivallarda öz məhsul və xidmətlərini də təqdim edirlər. Hazırladıqları məhsulların satışını həyata keçirmələri onlara əlavə gəlir imkanı yaradır.

Mərkəzin rəhbəri aqrar sahədə kadr hazırlığının əsas hissəsinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təmin olunduğunu qeyd edib. O, universitetin ikili diplom proqramlarına da toxunub.

“Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları var. Ege Universiteti və ABŞ-nin Oklahoma Dövlət Universiteti ilə ikili diplom proqramlarının tətbiqi müzakirə olunur. Ölkənin bir sıra ali məktəbləri, xüsusilə Xəzər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universiteti ilə də işləyirik. Həmin ali məktəblərdə kənd təsərrüfatı istiqamətli ixtisasların tətbiqində və tədrisində mütəxəssislərimiz iştirak edir, təşkilati dəstək göstərilir”, – deyə o bildirib.

Ağdama qayıdan sakinlər üçün təsərrüfat imkanları yaradılır

Ağdamda keçirilən 100-cü Aqrobiznes Festivalının əhəmiyyətindən danışan Anar Cəfərov bildirib ki, tədbir işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin məşğulluğu baxımından mühüm rol oynayır.

Onun sözlərinə görə, həmin ərazilər kənd təsərrüfatı sahəsində böyük potensiala malikdir. Vətəndaşların məskunlaşması ilə yanaşı, məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılır.

“Ağdamın Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinə vətəndaşlarımız qayıdıblar. Onların kənd təsərrüfatı ilə fəal məşğul olması məsələsi gündəmə gəlib. Həmin ərazilərdə nazirlik tərəfindən torpaq müsabiqəsi keçirilib. Sakinlər müsabiqədə iştirak edərək torpaq sahəsi əldə edə və öz təsərrüfatlarını yarada bilərlər”, – deyə o bildirib.

Mərkəzin rəhbəri qeyd edib ki, işğal dövründə təsərrüfatların və infrastrukturun dağıdılması bu ərazilərdə iqtisadi fəaliyyətin yenidən qurulmasını zəruri edir.

“Vətəndaşlarımız işğaldan azad edilmiş ərazilərə qayıdırlar və onların məşğulluğu məsələsi ortaya çıxır. Ağdamda ilk dəfə sakinlərə torpaq sahələri təhkim olunacaq ki, onlar öz təsərrüfat fəaliyyətlərini təşkil edə bilsinlər. Bu, əvvəllər Zəngilanda, Xocalıda və Laçında həyata keçirilib. İndi isə Ağdamda ilk dəfə tətbiq olunur. Bunun əhəmiyyəti çox böyükdür”, – deyə Anar Cəfərov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti