Bakı. Trend:
Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı Baş nazir müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması barədə Azərbaycanın təklifini dəstəkləyir.
Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti tərəfindən verilən məlumatda bildirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Türkmənistanda keçirilən ilk Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib ki, Xəzər dənizi üzrə əməkdaşlığın beynəlxalq hüquqi və institusional əsasları mövcud olsa da, dənizdə su səviyyəsinin azalması probleminin həlli üçün görülən tədbirlər kifayət etmir.
O bu il qüvvəyə minməsinin 20 illiyi qeyd olunan Tehran Konvensiyasının əhəmiyyətini vurğulayıb, həmçinin BMT-nin Ətraf Mühit Proqramının təbiətin mühafizəsi sahəsində fəaliyyətə verdiyi mühüm töhfəni qeyd edib.
Tokayev, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizinin su ehtiyatlarının qorunmasına dair Dövlətlərarası Proqramın hazırlanması ilə bağlı Qazaxıstanın təklifini bəyəndiklərini bildirib.
“Lakin görülən tədbirlər yenə də kifayət etmir. Buna görə də dayazlaşmanın qarşısını almaq, onun nəticələrini yumşaltmaq, iqtisadiyyatlarımızın və ekosistemlərimizin baş verən dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədilə razılaşdırılmış tədbirlərə keçməyin vaxtı çatıb”, – deyə Tokayev bildirib.
Dövlət başçısı, həmçinin Qazaxıstanda təbiətin bərpası ilə bağlı nümunələr göstərib və onun fikrincə, bu təcrübələr Xəzər dənizinin qorunması üçün tətbiq oluna bilər.
Prezidentin sözlərinə görə, Şimali Aral dənizinin sahəsi 36 faiz artıb. Bu, suyun keyfiyyətinin yaxşılaşmasına, balıq ehtiyatlarının bərpasına və ətraf ərazilərdə iqtisadi həyatın tədricən canlanmasına töhfə verib.
Tokayev ardıcıl tədbirlər nəticəsində sayğakların sayını bərpa etməyin, qar bəbirinin populyasiyasını qoruyub saxlamağın və nadir heyvan növlərini təbii yaşayış mühitinə qaytarmağın mümkün olduğunu əlavə edib.
O, həmçinin Qazaxıstanın Turan pələnginin yenidən təbiətə qaytarılması və populyasiyasının bərpası istiqamətində xüsusi proqram həyata keçirdiyini bildirib və hazırda Qazaxıstanın şəraitinə uğurla uyğunlaşan bir neçə Amur pələnginin təhvil verilməsinə görə Rusiyaya və Prezident Vladimir Putinə təşəkkür edib.
