Tokayev 2027-ci ildə Astnada MDB-nin süni intellekt üzrə forumunun keçirilməsini təklif edib

Dünya xəbərləri Xəbər 9 Oktyabr 2026 17:23 (UTC +04:00)
Tokayev 2027-ci ildə Astnada MDB-nin süni intellekt üzrə forumunun keçirilməsini təklif edib
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı.Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellekt sahəsində təcrübə və qabaqcıl təcrübə nümunələrinin mübadiləsi mexanizminin yaradılmasını, həmçinin 2027-ci ilin birinci rübündə Astanada MDB-nin süni intellekt üzrə forumunun keçirilməsini təklif edib.

Qazaxıstan Prezidentinin Mətbuat xidməti tərəfindən yayılan məlumata görə, Tokayev bu təşəbbüslərlə bu gün Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

Tokayev rəqəmsallaşmanın və süni intellektin artan rolunu vurğulayaraq, yeni texnologiyaların mənimsənilməsi və öz innovativ həllərinin tətbiqinin MDB ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətini müəyyən edən əsas amilə çevrildiyini qeyd edib.

Təklif olunan təcrübə mübadiləsi mexanizmi elmi mərkəzlərin, universitetlərin, şirkətlərin və startapların iştirakı ilə süni intellektin inkişaf strategiyalarını, qanunvericiliyi və dövlət dəstəyi tədbirlərini əhatə edəcək.

Qeyd olunub ki, Astanada keçirilməsi planlaşdırılan forum bu sahədə əməkdaşlığın müzakirəsi üçün əlavə platforma rolunu oynayacaq.

Tokayev, həmçinin MDB ölkələri arasında mədəni-humanitar əlaqələrin əhəmiyyətini vurğulayaraq, insanlararası təmasların, qarşılıqlı etimadın, ortaq mədəni xüsusiyyətlərin və rus dilinin Birliyin kimliyinin mühüm elementləri olduğunu bildirib.

“Ölkələrimiz arasındakı münasibətlərdə rus dilinin böyük əhəmiyyətini də qeyd etmək vacibdir. Bu dil qarşılıqlı anlaşmaya, təhsil, elm və insanlararası əlaqələrin genişlənməsinə töhfə verir. Bu, danılmaz faktdır. Buna görə də hörmətli həmkarlarımdan Rus Dili üzrə Beynəlxalq Təşkilatın fəaliyyətini dəstəkləmələrini xahiş edirəm. Bu təşkilatın perspektivləri əlverişlidir. Əminəm ki, dünyada təxminən 300 milyon insan bu dili müxtəlif səviyyələrdə bilir”, - deyə Tokayev bildirib.

Bununla yanaşı, o, MDB dövlətlərinin dil və mədəni müxtəlifliyinə hörmətlə yanaşılmasının, humanitar əməkdaşlığın gücləndirilməsi üçün daha səmərəli formaların axtarılmasının vacibliyini vurğulayıb.

Tokayev qeyd edib ki, Qazaxıstanın təşəbbüsü ilə MDB dövlət başçıları mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair bəyanat qəbul edib və MDB Könüllülər Forumunu təsis ediblər. Forum ilk dəfə 2026-cı ilin avqustunda Astanada keçirilib.

Prezident, həmçinin gənclərin mütaliəyə marağının artırılmasına çağıraraq, ədəbiyyatın təhsildə, sağlam düşüncənin formalaşmasında və şəxsi inkişafda mühüm rolunu qeyd edib.

“Qazaxıstanda Milli Kitab Günü təsis edilib, “100 oxunan kitab” layihəsi həyata keçirilir. Bu ideyanı inkişaf etdirməyi və xalqlarımızın ədəbiyyatının görkəmli nümunələrini daxil etməklə “MDB-nin Qızıl Kitabxana Fondunun” yaradılmasını təklif edirəm”, - deyə Tokayev bildirib.

O, fondun Astanada tikintisinin 2027-ci ilin ortalarında başa çatdırılması planlaşdırılan Prezident Kitabxanasında yerləşdirilməsini təklif edib. Dövlət başçısı əlavə edib ki, layihə peşəkar tərcümələrin hazırlanmasını və hamı üçün əlçatan rəqəmsal kitabxananın yaradılmasını da nəzərdə tuta bilər.

Tokayevin sözlərinə görə, ən yaxşı ədəbi əsərlərin təbliği, MDB xalqlarının tarixinin, mədəniyyətinin və mənəvi irsinin qarşılıqlı öyrənilməsi qlobal qeyri-sabitlik şəraitində gənc nəsillərin bir-birini daha yaxşı anlamasına və sıx əlaqələri qoruyub saxlamasına kömək edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti