Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona deyil, beynəlxalq hüquqşünas Navanethem "Navi" Pillaya verilməsini tənqid edib.
Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, Pakistan və Hindistan, İsrail və İran, Ermənistan və Azərbaycan da daxil olmaqla, səkkiz müharibənin nizamlanmasına vasitəçilik etdiyini bildirərək, Nobel Sülh Mükafatına layiq olduğunu vurğulayıb.
“Əslində, mən bir yox, səkkiz Nobel Sülh Mükafatı almalı idim”, - deyə o bildirib.
ABŞ prezidenti əlavə edib ki, münaqişələrin həllində iştirakına görə yardım etdiyi ölkələrin prezidentləri və baş nazirləri Norveç Nobel Komitəsinə məktublar göndəriblər.
Tramp həmçinin İranın nüvə silahına sahib olmasının qarşısını aldığını, İsraildəki girovların azad edilməsinə nail olduğunu və NATO üzvü olan ölkələrin müdafiə xərclərinin artırılmasında rol oynadığını iddia edib.
Nobel Sülh Mükafatının ona verilməməsini tənqid edən Tramp bu qərarın Norveçin nüfuzuna xələl gətirdiyini bildirib.
“Prezidentiniz olaraq, təmsil etdiyim Amerika Birləşmiş Ştatları Nobel Sülh Mükafatına layiq görülməli idi, lakin bu baş vermədi”, - deyə o yazıb.
Trampın sözlərinə görə, Nobel Sülh Mükafatı “demokratiyaya qarşı çıxan və sivilizasiyanın düşməni olan bir ovuc radikal ideoloq tərəfindən birdəfəlik nüfuzdan salınıb”.
