Bakı. Trend:
Azərbaycanla Mərkəzi Asiya respublikaları arasındakı tərəfdaşlıq münasibətləri son illərdə yeni müstəviyə qədəm qoyub. 2025-ci ilin noyabr ayında respublikamızın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə tamhüquqlu üzv olması isə bu münasibətlərə yeni strateji məzmun gətirib. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı toxunduğu məsələlər göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr ortaq maraqlar və regional əməkdaşlığın genişləndirilməsi əsasında yeni inkişaf mərhələsinə daxil olub.
Respublikamızın Mərkəzi Asiyanın hər bir dövləti ilə əlaqələrinin yüksək səviyyədə olduğunu son illərdə qarşılıqlı ali səfərlərin artan dinamikası da göstərir. Məhz bu səfərlər münasibətlərin inkişafına yeni nəfəs gətirib, dövlətlər arasında dostluğu, strateji tərəfdaşlığı, qarşılıqlı anlaşma və etimadı daha da gücləndirib.
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf dinamikası da məmnunluq doğurur. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi nəticəsində münasibətlər daha da dərinləşib. Xüsusilə nəqliyyat, enerji və ticarət sahələrində həyata keçirilən birgə layihələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan tərəfdaşlığının konkret fəaliyyət istiqamətləri ilə zəngin olduğunu göstərir. Bu münasibətlər həm iki ölkənin milli maraqlarına, həm də regionda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
“Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”, – deyə Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə Mərkəzi Asiya dövlətlərinin dəstəyi ikitərəfli münasibətlərin qardaşlıq, dostluq və strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini təsdiq edən ən mühüm məqamlardan biridir. Türkmənistan da bu məsələdə qardaşlıq töhfəsi verən dövlətlərdəndir. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisi Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. İndiyədək Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstan tərəfindən isə Ağdamda Manas adına məktəb inşa olunub. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərin, eləcə də Türk dünyasının həmrəyliyinin təcəssümüdür.
Bu gün Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər yalnız siyasi əlaqələrlə məhdudlaşmır. İqtisadiyyat, nəqliyyat, enerji və investisiya kimi sahələri də əhatə edən geniş və çoxşaxəli əməkdaşlıq platformaları son illərdə Azərbaycanla Mərkəzi Asiyanı bir-birinə daha da yaxınlaşdırıb və onların vahid iqtisadi məkan kimi çıxış etmələri üçün zəmin yaradıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə diqqətə çatdırdığı rəqəmlər iqtisadi sahədəki əlaqələrin sürətlə artan miqyasından xəbər verir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, hazırda ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin aktiv şəkildə fəaliyyət göstərməsi Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi əməkdaşlığın yüksələn nəticələrə söykəndiyini göstərir. Bu göstəricilər qarşılıqlı iqtisadi maraqların getdikcə genişləndiyini, biznes əlaqələrinin möhkəmləndiyini və investisiya imkanlarının artdığını təsdiqləyir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi münasibətlərinin inkişafında nəqliyyat və logistika sahəsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində formalaşdırdığı nəqliyyat infrastrukturu Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit və logistika tərəfdaşına çevirib. Xəzər dənizi üzərindən həyata keçirilən daşımaların genişləndirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının artırılması, Orta Dəhlizin inkişafı və “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi Azərbaycanla Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə geniş imkanlar yaradıb. Keçən il Orta Dəhlizdə tranzit yükdaşımaların həcminin 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artması bu marşruta olan marağın və onun əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir. Bu artım, eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın nə qədər böyük potensiala malik olduğunu nümayiş etdirir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi yalnız yükdaşımaların həcminin artırılması baxımından deyil, həm də Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevirən strateji layihə kimi xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, energetika sahəsi Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığında xüsusi yer tutur. Azərbaycanın inkişaf etmiş enerji infrastrukturu və ixrac potensialı Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışının genişlənməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə böyük töhfələr verir.
Məhz bu kimi amillər Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə (C5) daxil olmasını şərtləndirib. “C5” adlanan bu əməkdaşlıq mexanizminin “C6” formatına çevrilməsi ilə artıq Azərbaycan və Mərkəzi Asiya- Avrasiya coğrafiyasının vahid geosiyasi və geoiqtisadi məkanı kimi çıxış edirlər. Prezident İlham Əliyevin avqust ayında Özbəkistana səfəri zamanı qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur.
Beləliklə, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycanın C6 formatında iştirakı bu münasibətləri və Türk dünyasının birliyini gücləndirməklə yanaşı, ölkəmizin Avrasiya məkanında strateji mövqeyini də möhkəmləndirir.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı