Bakı. Trend:
Azərbaycan “ASAN xidmət” modelinin Pakistanda genişləndirilməsinə dəstək göstərəcək.
Pakistanın Baş naziri Şahbaz Şərif Prezident İlham Əliyevə telefon zəngi zamanı Azərbaycanın “ASAN xidmət” modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.
Pakistanın Baş naziri buna görə dövlətimizin başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini ölkələrimiz arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.
Qeyd edək ki, 2025-ci ilin sentyabrın 10-da Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb. Pakistanın İslamabad şəhərində ilk “ASAN xidmət” mərkəzi 2026-cı ilin yanvar ayında fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Agentliyi tərəfindən “ASAN xidmət” təcrübəsinin Pakistanla paylaşılması istiqamətində əməkdaşlıq həyata keçirilib. Mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.
“Pakistan ASAN xidmət” mərkəzində “ASAN xidmət” standartları, ASAN könüllük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.
Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yer alır.
Xatırladaq ki, 30 ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracına dair müqavilə bağlanıb.