Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

İdman Xəbər 11 Oktyabr 2026 09:23 (UTC +04:00)
Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

Bakı. Trend:

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Yarışın sonuncu – səkkizinci günündə Milli Gimnastika Arenasında 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq. Görüşlər 6 çəki dərəcəsində – kişilər arasında 73, 90 və +90 kiloqram, qadınlar arasında isə 57, 70 və +70 kiloqram-da təşkil olunacaq.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi keçəcəyi təqdirdə növbəti raundda Yaponiya seçməsi ilə qarşılaşacaq.

Azərbaycan yığmasının heyətinə Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kiloqram), Südabə Ağayeva, Anna Zaytseva (hər ikisi 70 kiloqram) və Madina Kaisinova (+70 kiloqram), Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kiloqram) daxil edilib

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal qazanıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti