Bakı. Trend:
Tarixdə ilk amerikalı papa ilə ABŞ prezidenti arasında növbəti fikir ayrılığı yaranıb. Papa XIV Leo şənbə günü ölüm cəzasını bir daha pisləyərək bildirib ki, bu cəza insan həyatının müqəddəsliyinə xələl gətirir və insanları xilas olmaq, günahlarından dönmək imkanından məhrum edir. Papanın bu açıqlaması Pentaqonun edam hökmünün canlı yayımla nümayiş etdirilməsini planlaşdırdığını elan etməsindən bir neçə gün sonraya təsadüf edib.
ABŞ müdafiə naziri Pit Heqset cümə axşamı bildirib ki, ABŞ ordusu 2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürmüş, ordunun keçmiş psixiatrı Nidal Həsənin növbəti edamını canlı yayımla nümayiş etdirə bilər. Belə bir yayım ABŞ tarixində presedenti olmayan hadisə olardı. 1945-ci ildən bəri ABŞ-də heç kim hərbi güllələnmə dəstəsi tərəfindən edam edilməyib.
XIV Leo sosial şəbəkələrdə yayımlanan müraciətində Pentaqonun planına toxunmadan bildirib: “Ölüm cəzasına müraciət etmədən də ümumi rifahı qorumaq və ədalətin tələblərini yerinə yetirmək mümkündür”.
O əlavə edib: “Ölüm cəzası yolverilməzdir, çünki bu, insanın toxunulmazlığına və ləyaqətinə qəsd edir”. Papa bu fikirləri Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günü münasibətilə yayımlanan müraciətində ifadə edib.
Heqsethin müdafiə etdiyi canlı yayım planı qanunvericilərin, o cümlədən prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının bəzi üzvlərinin, dini liderlərin və beynəlxalq müşahidəçilərin etirazına səbəb olub.
Donald Tramp özü də edamın canlı yayımına icazə verib-verməyəcəyinə hələ qərar vermədiyini bildirib. Katolik olan ABŞ-nin vitse-prezidenti Cey Di Vens də bu plana şübhə ilə yanaşdığını ifadə edib. O, canlı yayım baş tutacağı təqdirdə onu izləməyəcəyini bildirib.
Bu edam planı ABŞ-də ölüm cəzası ilə bağlı müzakirələrin daha da intensivləşdiyi bir vaxta təsadüf edir. Müzakirələr ötən həftə Tennessi ştatında bir qadının ölümcül inyeksiya yolu ilə edamı zamanı yaranmış uğursuzluqdan sonra daha da güclənib.