Bakı. Trend:
Böyük Britaniyanın şimalında yerləşən zooparkda şənbə günü bir kişi pələngin hücumuna məruz qalaraq ölümcül xəsarətlər alıb. Bu barədə şənbə günü polis məlumat yayıb.
Cənubi Yorkşir polisi bildirib ki, saat 13:30 radələrində (GMT ilə 12:30) Donkaster yaxınlığındakı “Yorkshire Wildlife Park” zooparkında bir kişinin pələnglərin olduğu sahəyə daxil olması barədə məlumatlar daxil olub.
Polisin açıqlamasında deyilir: “Daha sonra pələng kişiyə hücum edib və nəticədə o, ağır xəsarətlər alıb”.
Mənbənin məlumatına görə, “təcili yardım xidmətləri hadisə yerinə gəlib. Təəssüf ki, tibbi personalın bütün səylərinə baxmayaraq, kişinin hadisə yerində öldüyü təsdiqlənib”.
Polis daha əvvəl bildirmişdi ki, hadisədən sonra pələng öz sahəsində qalıb və artıq ictimaiyyət üçün təhlükə yoxdur. Mənbənin məlumatına görə, zooparkın ərazisi boşaldılıb, araşdırma aparmaq üçün əməkdaşlar hələ də hadisə yerindədirlər.
Zoopark rəhbərliyi pələnglərin olduğu sahədə “ciddi insident” baş verdiyini təsdiqləyib və bununla əlaqədar parkın həftəsonunun qalan hissəsində bağlı olacağını açıqlayıb.
Yorkşir təcili tibbi yardım xidməti hadisə yerinə iki avtomobil təcili yardım briqadasının və bir hava nəqliyyatı vasitəsilə çalışan tibbi yardım qrupunun göndərildiyini bildirib.
“Pələnglər diyarı” adlanan attraksionda uzunluğu 300 metr olan qaldırılmış müşahidə körpüsü var. Ziyarətçilər bu körpüdən Sibir pələnglərini onların yaşadığı ərazidə müşahidə edə bilirlər. Həmin əraziyə meşəlik sahə, çəmənlik və şəlaləsi olan gölməçə daxildir.
Təbiətdə bu nəsli kəsilmək təhlükəsi ilə üzləşən yarımnövün cəmi 500-ə yaxın fərdinin qaldığı ehtimal edilir.
