Qazaxda gimnastika üzrə “Grace of Nature” turniri start götürüb (FOTO)

İdman Xəbər 11 Oktyabr 2026 01:51 (UTC +04:00)
Qazaxda gimnastika üzrə “Grace of Nature” turniri start götürüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

10 oktyabr tarixində Qazax Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə “Grace of Nature” turnirinə start verilib. Zərifliyin, əzmkarlığın və idman ruhunun bir araya gəldiyi yarış 2026-cı ilin “İdman paytaxtı” Qazaxda əsl gimnastika bayramına çevrilib.

Sumqayıt, Ağdaş, Gəncə, Göyçay, İsmayıllı, Mingəçevir, Sabirabad, Şamaxı, Şəmkir və Şirvanı təmsil edən 20 klubdan 250-yə yaxın gimnast iştirak edir. Ölkənin müxtəlif bölgələrindən gələn idmançıların bir araya gəlməsi turniri idman ustalığı ilə yanaşı, birlik və dostluğun təntənəsinə çevirib.

Qazax sakinlərinin gimnastikaya böyük marağı yarışın ilk günündən özünü göstərib. Tribunaları dolduran tamaşaçılar gimnastların çıxışlarını coşqulu alqışlarla qarşılayaraq yarışa xüsusi rəng qatıblar. Onların səmimi dəstəyi arenada bayram ab-havası yaradıb, gənc idmançılara ruh yüksəkliyi bəxş edib.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı ilə Parlament Əməkdaşlığı Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak ediblər. Rəsmi qonaqların iştirakı və sakinlərin böyük marağı “İdman Paytaxtı”nda keçirilən turnirə xüsusi təntənə qatıb.

Turnirin ilk günündə gimnastlar müxtəlif yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında bacarıqlarını nümayiş etdiriblər. Zərif hərəkətlər, alətlərlə məharətli çıxışlar və qrupların ahəngdar kompozisiyaları tamaşaçılara bədii gimnastikanın gözəlliyini yaşadıb.

Çıxışlardan sonra müvafiq kateqoriyalar üzrə qaliblərin və mükafatçıların təltifetmə mərasimləri keçirilib. Fəxri kürsüyə yüksələn gimnastların qələbə sevinci tamaşaçıların alqışları ilə müşayiət olunub. Beləliklə, turnirin ilk günü həyəcanlı mübarizə və maraqlı anlarla yadda qalıb.

Qeyd edək ki, “Grace of Nature” turnirinə sabah - 11 oktyabrda yekun vurulacaq. “İdman paytaxtı” Qazax daha bir gün gimnastikanın zərifliyinə, qələbə sevincinə və idmanın birləşdirici gücünə şahidlik edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti