Dünyəvi təhsillə dini etiqad azadlığı uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır - Elnur Mustafayev

Gündəm Xəbər 11 Oktyabr 2026 18:39 (UTC +04:00)
Dünyəvi təhsillə dini etiqad azadlığı uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır - Elnur Mustafayev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi demək deyil. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır.

Bunu Trend-ə açıqlamasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin, mədəniyyətlərin və etnik qrupların qarşılıqlı əlaqədə olduğu məkanlardan biri kimi tanınır:

“Ölkənin tarixi-mədəni inkişafında zərdüştilik, islam, xristianlıq və yəhudilik ənənələrinin özünəməxsus yeri olub. Bu dini müxtəliflik Azərbaycanın zəngin mədəni irsinin formalaşmasına təsir göstərib. Müasir Azərbaycanda isə vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir”.

E.Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı fundamental insan hüquqları sırasında yer alır və dünyəvilik, bərabərlik, fərdi seçim azadlığı prinsiplərinə söykənir:

“Əsas Qanunumuza görə, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək və ya başqaları ilə birlikdə etiqad etmək və ya etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ var. Dini mərasimlərin icrası ictimai qaydanı və ya ictimai əxlaqı pozmadıqda sərbəstdir.

Xüsusilə qeyd etmək lazımdır ki, heç kəs öz əqidəsini açıqlamağa və ya əqidəsindən dönməyə məcbur edilə bilməz. Dini ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməlidir. Bu baxımdan milli-mənəvi dəyərlərimizə və tarixi gerçəkliyimizə uyğun olmayan yad təsirlərdən uzaq durmalı, ideoloji təxribatlara qarşı birgə mübarizə aparmalıyıq”.

İnstitutun direktor müavini qeyd edib ki, dünyəvi təhsillə vicdan və dini etiqad azadlığı arasında tarazlığın qorunması müasir təhsil sisteminin mühüm hüquqi, pedaqoji və mənəvi məsələlərindən biridir. Onun fikrincə, bu məsələ uşaqların şəxsiyyət kimi formalaşması, fərqli dünyagörüşlərinə hörmət, dini dözümlülük və birgəyaşayış mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır:

“Dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir. Dünyəvi məktəb şagirdin dini inanclarını dəyişdirməyə çalışmamalı, eyni zamanda onun dini mənsubiyyətinə görə təhsil imkanlarını məhdudlaşdırmamalıdır.

Təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf edən müstəqil düşüncəsini nəzərə almalıdır. Valideynlərin hüquqları ilə uşağın hüquqları arasında ziddiyyət yarandıqda məsələ uşağın üstün mənafeyi əsasında qiymətləndirilməlidir”.

E.Mustafayev Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiq olunduğunu və bu qaydalara riayət edilməsinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimləndiyini də diqqətə çatdırıb:

“Məktəbli geyim formasının tətbiqində əsas məqsəd məktəblərdə təhsilin dünyəvilik prinsipini qorumaq, intizamlı və bərabər təhsil mühiti formalaşdırmaqdır. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır.

Dövlət və cəmiyyət olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik. Bu prosesdə dövlət maraqları qorunmalı, cəmiyyətin inkişafı əsas götürülməli, milli-mənəvi və dini dəyərlərə hörmətlə yanaşılmalı, vətəndaşların mənafeyi əsas məqsəd olmalıdır”,-deyə o əlavə edib.

Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər ediləcək:
- Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

- Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilməsinə yol verilir.
- Valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti