Bakı. Trend:
Vahid məktəbli formasının tətbiqi ilə bağlı müzakirələrdə maarifləndirmə və dialoq ön plana çıxmalı, məsələyə dini məzmun verilməməlidir.
Bunu Trend-ə açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zeynalov deyib.
Onun sözlərinə görə, vahid məktəbli formasına keçidlə bağlı bəzi qüvvələr orta məktəblərdə ajiotaj yaratmağa çalışırlar:
“Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilən vahid məktəbli geyiminə dair qaydalar qızlara və oğlanlara eyni dərəcədə şamil olunur. Şagirdlər məktəbə vahid formada gəlməli, onları bir-birindən xüsusi şəkildə fərqləndirən geyimlərdən, aksesuarlardan və simvollardan istifadə etməməlidirlər. Bu məsələyə yalnız hicab və ya baş örtüyü kontekstində yanaşmaq doğru deyil. Söhbət bütün şagirdlər üçün ümumi geyim qaydalarından gedir. Vahid məktəbli formasına dini məzmun vermək olmaz”.
Ş.Zeynalov bildirib ki, qaydaların mahiyyəti şagirdlər arasında geyimə görə fərqlənmənin qarşısını almaq və bərabər məktəb mühiti formalaşdırmaqdır:
“Məktəbə gələn şagird anlamalıdır ki, burada hamı eyni geyimdədir. Hansısa ailənin maddi imkanları daha geniş ola bilər və övladını bahalı, digərlərindən seçilən geyimlərlə məktəbə göndərə bilər. Vahid forma belə fərqlərin tədris mühitində qabardılmasının qarşısını almağa xidmət edir. Ailələrin sosial və iqtisadi vəziyyətindən irəli gələn fərqlər şagirdlərin münasibətlərinə və dünyagörüşünə təsir göstərməməlidir”,-deyə o qeyd edib.
Dosent hesab edir ki, geyim qaydalarının tətbiqi valideynlər və şagirdlərlə davamlı söhbətlər, izahat işi və qarşılıqlı dialoq vasitəsilə həyata keçirilməlidir:
“Məsələ ətrafında yaranan ajiotajı aradan qaldırmaq üçün maarifləndirmə işi gücləndirilməlidir. Valideynlərə vahid məktəbli formasının məqsədi, uşaqların məktəb daxilində ünsiyyəti və bərabər təhsil mühiti baxımından əhəmiyyəti izah olunmalıdır. Təkcə valideynlərlə deyil, şagirdlərlə də söhbətlər aparılmalıdır. Bu proses dialoq və maarifləndirmə əsasında həyata keçirilməlidir”.
Ş.Zeynalovun fikrincə, qərar uzunmüddətli təhlillərin nəticəsidir və formalaşmış vərdişlərin dəyişməsi müəyyən çətinliklərlə müşayiət oluna bilər:
“Bu qərar qəfil qəbul edilməyib. Uzun müddət ərzində formalaşmış yanaşmaların dəyişdirilməsi müəyyən vaxt tələb edir. Buna görə keçid prosesində izahat və maarifləndirmə xüsusi əhəmiyyət daşıyır”,-deyə o əlavə edib.
Xatırladaq ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının
geyim formalarının təsvirləri”ndə aşağıdakı dəyişikliklər
ediləcək:
- Təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini
pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan
digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.
- Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi
dəyərləri ilə bağlı keçirilən tədbirlərdə məktəbin Pedaqoji
Şurasının qərarı ilə milli geyimlərdən və ya milli geyim
elementlərindən istifadə edilməsinə yol verilir.
- Valideynlər və ya digər qanuni nümayəndələr övladları
(qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim
forması ilə bağlı tələblərə riayət olunmasını təmin
etməlidirlər.
