192 kilometrlik mübarizə başa çatıb: Xankəndi Ultramarafonunun qalibləri müəyyənləşib (FOTO)

İdman Xəbər 11 Oktyabr 2026 12:51 (UTC +04:00)
192 kilometrlik mübarizə başa çatıb: Xankəndi Ultramarafonunun qalibləri müəyyənləşib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri bəlli olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 6 ölkədən 97 atlet iştirak edib.

Dörd gün davam edən ultramarafon çərçivəsində idmançılar ümumilikdə 192 kilometr məsafə qət ediblər. Yarış dörd mərhələdən ibarət olub: Qəbələ–Ağdaş (52,5 km), Ağdaş–Bərdə (63,5 km), Bərdə–Ağdam (46,8 km) və Ağdam–Xankəndi (29,2 km).

Hər mərhələnin qalibləri ayrıca müəyyənləşdirilib və mükafatlandırılıb. Ümumi nəticələrə əsasən, kişilər arasında Gürcüstan təmsilçisi David Xarazişvili birinci, Litvadan Andrey Eqorov ikinci, Azərbaycan idmançısı Elşad Nəsibov isə üçüncü yeri tutub.

Qadınların mübarizəsində Ukrayna təmsilçisi Olena Şevçenko ümumi hesabda birinci olub. Rusiya idmançısı Leyla Abdinova ikinci, Azərbaycanın təmsilçisi Natalya Vallek isə üçüncü yeri tutub.

Ultramarafonun sonuncu mərhələsi Ağdam–Xankəndi marşrutu üzrə keçirilib. 29,2 kilometrlik məsafədə kişilər arasında David Xarazişvili, qadınlar arasında isə Olena Şevçenko finiş xəttini birinci keçiblər.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarışın əhəmiyyətindən danışaraq iştirakçıların sayının ildən-ilə artdığını bildirib. Onun sözlərinə görə, bu il ultramarafonda altı ölkənin atletləri iştirak edib, idmançıların təxminən 25 faizini isə qadınlar təşkil edib.

Nazir finişə çatan atletləri təbrik edib və azad olunmuş ərazilərdə keçirilən idman tədbirinin əhəmiyyətini vurğulayıb.

Yarışın ümumi qalibi David Xarazişvili təşkilatçılıq səviyyəsindən razılığını ifadə edib. O, Azərbaycan xalqına təşəkkürünü bildirib və gələn il də ultramarafonda iştirak etməyi planlaşdırdığını deyib.

Ümumi hesabda üçüncü yeri tutan Elşad Nəsibov isə Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib. O, yarış zamanı qaçışın rahat keçdiyini, lakin bərpa prosesinin çətin olduğunu qeyd edərək idmançılara dəstək göstərən həkimlərə təşəkkür edib.

Beynəlxalq ultramarafonun əsas məqsədi sağlam həyat tərzini və qaçış idmanını təbliğ etmək, eləcə də Azərbaycanın müxtəlif bölgələrini idman vasitəsilə tanıtmaqdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. Həmin yarışda dörd ölkədən 64 atlet iştirak edib və idmançılar 380 kilometr məsafə qət ediblər. 2025-ci ildə Qəbələ–Xankəndi marşrutu üzrə keçirilən ultramarafona isə altı ölkədən 81 atlet qatılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti