Bakı.Trend:
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirdə TDT baş katibinin müavini Merey Mukazhan, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak edir.
İkinci Görüşün Azərbaycan Respublikasının TDT-yə sədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin birinci görüşü 2025-ci il 20 avqust tarixində Qırğızıstan Respublikasının Bişkek şəhərində baş tutub. Görüşün yekununda qəbul edilmiş Birgə Bəyannamədə tərəflər əqli mülkiyyət hüquqlarının qorunması və təmin edilməsi sahəsində faydalı və uzunmüddətli qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi əzmlərini bir daha təsdiq etmiş, bu istiqamətdə birgə fəaliyyətin genişləndirilməsinin vacibliyini vurğulayıb. Birgə Bəyannamədə TDT üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşünün Azərbaycan Respublikasında keçirilməsi qeyd edilib.
Xəbər yenilənəcək
