Azərbaycanla Çexiya arasında iqtisadi münasibətlər möhkəm təməllərə əsaslanır - Nazir

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 10:33 (UTC +04:00)
Azərbaycanla Çexiya arasında iqtisadi münasibətlər möhkəm təməllərə əsaslanır - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Çexiya arasında iqtisadi münasibətlər möhkəm təməllərə əsaslanır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Çexiyanın nəqliyyat naziri İvan Bednarjik bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir bildirib ki, nəqliyyat sahəsi ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir.

Onun sözlərinə görə, bağlantı yalnız infrastrukturun inkişafı ilə məhdudlaşmır. Bu, həm də bazarların bir-birinə yaxınlaşdırılması, dayanıqlı təchizat zəncirlərinin möhkəmləndirilməsi, eləcə də hər iki ölkənin biznes subyektləri və vətəndaşları üçün yeni imkanların yaradılması deməkdir.

“Azərbaycan Avropanı Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarla birləşdirməkdə mərkəzi rol oynayır. Transxəzər nəqliyyat dəhlizinin artan əhəmiyyəti bu müzakirələri xüsusilə aktual edir”, - deyə o qeyd edib.

İ.Bednarjik vurğulayıb ki, tərəflərin əsas məqsədi nəqliyyat marşrutlarını daha sürətli, etibarlı və rəqabətqabiliyyətli etmək, mövcud maneələri aradan qaldırmaq, həmçinin dəmir yolları, limanlar, avtomobil yolları və logistika mərkəzləri arasında qarşılıqlı fəaliyyəti təkmilləşdirməkdir.

Nazir Çexiya şirkətlərinin bu istiqamətdə öz təcrübə və texnologiyaları ilə töhfə verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Çexiya şirkətləri dəmir yolu nəqliyyatı vasitələri, siqnalizasiya və telekommunikasiya sistemləri, ağıllı nəqliyyat texnologiyaları, eləcə də şəhər mobilliyi sahələrində həllər təklif edə bilərlər.

O əlavə edib ki, Çexiya şirkətləri Azərbaycanda və digər beynəlxalq bazarlarda etibarlı texnologiyaların, uzunmüddətli texniki xidmətin, peşəkar təlimin və bilik və təcrübə transferinin təmin edilməsi imkanlarını nümayiş etdiriblər.

İ.Bednarjik Bakının ictimai nəqliyyat sisteminin modernləşdirilməsini də əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi qeyd edib. O, xüsusilə metro və tramvay sistemlərinin inkişafı, Orta dəhliz boyunca nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, logistika mərkəzlərinin təkmilləşdirilməsi və aviasiya sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

“Çexiya sənayesi yalnız avadanlıq təchiz etməyə deyil, həm də yerli təcrübənin paylaşılmasına, peşəkar kadr hazırlığına və layihələrin bütün həyat dövrü ərzində uyğun həllərin təqdim edilməsinə əsaslanan hərtərəfli tərəfdaşlıq qurmağa hazırdır”, - deyə nazir vurğulayıb.

O bildirib ki, Çexiya hökuməti də bu təşəbbüsləri dəstəkləməyə və layihələrin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasına, o cümlədən müvafiq ixrac maliyyələşdirmə alətlərinin tətbiqinə hazırdır.

Nazirin sözlərinə görə, əsas məqsəd forum çərçivəsində aparılan müzakirələri hər iki ölkənin iqtisadiyyatına fayda verəcək konkret əməkdaşlıq layihələrinə çevirməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti