Bakı. Trend:
Müəlliflik hüququnun hüquq sahibi patent üzrə iddia sənədi və ya ixtiranın təsvirinin Patent Reyestrinə daxil edildiyi formada surətçıxarmaya etiraz etmədiyini bəyan etməlidir və bu halda o, müəlliflik hüquqlarını saxlayır. Bu isə o deməkdir ki, müəlliflik hüquqları sənaye mülkiyyəti obyektinə olan hüquqlarla paralel olaraq qorunur.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bazar ertəsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı, o cümlədən ilkin və mahiyyəti üzrə ekspertizası da daxil olmaqla, ümumilikdə ekspertizanın nəticələrinə əsaslanır.
“Ekspertizanın əsas xüsusiyyəti qarşıqoyma və müqayisə prinsipinin tətbiq edilməsidir. Eyni zamanda, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyatının qəbul edildiyi ölkələrdə belə qeydiyyat təsdiqləyici xarakter daşıyır, çünki yaradıcılıq fəaliyyətinin nəticəsi olmaqla yanaşı,obyektiv formada ifadə edilmək tələbinə cavab verdiyi halda bu obyektlər qanun normalarına əsasən qorunur.
Müəyyən dərəcədə sənaye mülkiyyəti obyektinin mühafizəsi barədə qərarın yalnız ilkin ekspertiza əsasında qəbul edilməsi müəlliflik hüququ obyektlərinin qeydiyyatına bənzəyir. Bu da bir sıra ölkələrdə həyata keçirilir”,- deyə o qeyd edib.
K.İmanovun sözlərinə görə, obyektin həm müəlliflik hüququ, həm də sənaye mülkiyyəti hüququ ilə eyni vaxtda və ya paralel hüquqi mühafizəsinin mümkünlüyü məsələsi yarandıqda vəziyyət daha da mürəkkəbləşir.
“Həqiqətən də, dəyişən dünyada əvvəllər paralel hüquqi mühafizə qəbul edilmirdi və bu, iddiaçının özü tərəfindən təqdim edilən əqli mülkiyyət obyektinin hansı hüquqi statusda mühafizə olunacağını seçməli olması ilə əsaslandırılırdısa, hazırda müxtəlif hüquqi rejimlər çərçivəsində paralel hüquqi mühafizəyə meyl müşahidə olunur. Məsələn, ABŞ Patent İdarəsi patent üzrə iddia sənədlərinin ekspertizasına dair Təlimatda müəlliflik və patent hüquqlarının kəsişdiyi hallarda, dekorativ patent nümunəsinin müəlliflik hüququ ilə də mühafizə oluna bilməsi və bunun üçün iddiaçıdan iddia sənədində © işarəsi vasitəsilə müəlliflik hüququ barədə bildiriş daxil edilməsinin tələb olunduğu barədə qeyd edilir”,- deyə sədr əlavə edib.
Qeyd edək ki, Bakı şəhərindəAzərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir.
İkinci Görüşün Azərbaycan Respublikasının TDT-nasədrliyi dövründə ölkəmizdə keçirilməsi təşkilatçərçivəsində əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın əqli mülkiyyət sahəsində təşəbbüslərinin təşviqi, üzv dövlətlərlə institusional əlaqələrin möhkəmləndirilməsi və ölkəmizin təşkilat daxilində fəal rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə TDT-nın Baş katibinin müavini Merey Mukazhan, Qazaxıstan Respublikasının Ədliyyə Nazirliyinin Əqli Mülkiyyət Hüquqları Komitəsinin sədri Şolpan Abdreyeva, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türkiyə Əmtəə Nişanları və Patent Ofisinin (TÜRKPATENT) rəhbəri Muhammed Zeki Durak, Özbəkistan Respublikasının ədliyyə nazirinin müavini, Əqli Mülkiyyət İdarəsinin rəhbəri Muzraf İkramov iştirak edir.
