Banklar problemli kreditləri silməklə yeni kredit verməyə davam edə bilməyəcək

Cəmiyyət Sənəd 12 Oktyabr 2026 13:46 (UTC +04:00)
Banklar problemli kreditləri silməklə yeni kredit verməyə davam edə bilməyəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kreditlər üzrə 90 gündən çox gecikdirilmiş borclar hesablanarkən son 12 ayda bankın balansından silinmiş kreditlər nəzərə alınacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Mövcud qanunvericiliyə əsasən, “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na uyğun olaraq müəyyən edilmiş davranış modeli əsasında verilmiş bütün kredit tələblərinin məcmu miqdarı əvvəlki hesabat ayının sonuna bankın kredit portfelinin 10 faizindən artıq olmamalıdır.

Yeni qərara əsasən, model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin qalıq məbləği (model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər daxil olmaqla) həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.

Hesablama hər kredit növü (istehlak, biznes və s.) üzrə ayrılıqda aparılır.

Sadə dillə desək, davranış modeli əsasında verilən kreditlər üzrə 90 gündən çox gecikdirilmiş borclar hesablanarkən son 12 ayda bankın balansından silinmiş kreditlər də nəzərə alınacaq.

Başqa sözlə, bank davranış modeli əsasında verdiyi kreditlər üzrə 90 gündən çox gecikməsi olan borcların qalıq məbləği kredit portfelinin 10 faizinə çatdıqda həmin model əsasında yeni kreditlərin verilməsini dayandırmalıdır. Bu hesablamaya artıq bankın balansından silinmiş, lakin son 12 ay ərzində silinmiş belə kreditlər də daxil ediləcək.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, banklar problemli kreditləri balansdan silməklə həmin kreditlərin müəyyən edilmiş 10 faizlik həddin hesablanmasından kənarda qalmasına nail ola bilməyəcəklər. Beləliklə, davranış modeli əsasında kreditləşmə zamanı gecikmiş borcların həcmi daha əhatəli şəkildə nəzərə alınacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti