Çexiya şirkəti Azərbaycanda dəmir yolu və metro sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırır (ÖZƏL)

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 12:01 (UTC +04:00)
Çexiya şirkəti Azərbaycanda dəmir yolu və metro sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırır (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın “HTS Engineering” şirkəti Azərbaycanda dəmir yolu nəqliyyatı və metro sahəsində texnoloji əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bunu şirkətin baş icraçı direktoru (CEO) Viktor Soxalski bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Çexiya Biznes Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, “HTS Engineering” Çexiyanın dəmir yolu nəqliyyatı sənayesi üçün texnologiya və avadanlıqların təchizatı sahəsində ixtisaslaşan gənc şirkətlərindən biridir. Şirkət sənaye müəssisələrinə müxtəlif növ dəzgahların tədarükü ilə yanaşı, texniki və mühəndislik xidmətləri də göstərir.

“Biz CNC (kompüter ədədi idarəetmə) sistemləri ilə təchiz olunmuş, eləcə də əl ilə idarə edilən freze dəzgahlarının təchizatı ilə məşğuluq. Bununla yanaşı, müştərilərimizə texniki dəstək göstərir, dəzgahlarla işləyən mütəxəssislərin təlimini təşkil edir və tam şəkildə "açar təslim’" texnoloji həllər təqdim edirik”, - deyə o bildirib.

V.Soxalskinin sözlərinə görə, şirkətin əsas fəaliyyət istiqamətlərindən biri müştərilərin ehtiyaclarına uyğun kompleks texnoloji həllərin hazırlanmasıdır. Bu çərçivədə şirkət yalnız avadanlıq təchizatı ilə kifayətlənmir, həmçinin texnoloji proseslərin qurulması və həyata keçirilməsi üçün zəruri mühəndislik xidmətləri göstərir.
O qeyd edib ki, şirkət Azərbaycan bazarında, xüsusilə “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Metropoliteni ilə əməkdaşlıq imkanlarını araşdırır.

“Biz Azərbaycan dəmir yolları və Bakı Metropoliteni ilə bağlı layihələr üzərində işləməyə başlamaq, mövcud sahələrdə istifadə olunan dəzgahları və digər texnoloji həlləri təklif etmək istəyirik. Eyni zamanda, əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə çalışırıq”, - deyə şirkət rəhbəri vurğulayıb.

O əlavə edib ki, dəmir yolu sənayesində kompleks və inteqrasiya olunmuş texnoloji həllərə, o cümlədən “açar təslim” sistemlərə tələbat mövcuddur. Şirkət bu istiqamətdə öz təcrübəsini və imkanlarını Azərbaycan tərəfinə təqdim etməyə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq qurmağa ümid edir.

V.Soxalski bildirib ki, əsas məqsəd Azərbaycan tərəfinin ehtiyaclarını müəyyənləşdirmək, uyğun texnologiyaları təklif etmək və uzunmüddətli əməkdaşlıq üçün zəmin yaratmaqdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti