Geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə kömək edir - Əminə Məlikova

Cəmiyyət Xəbər 12 Oktyabr 2026 15:07 (UTC +04:00)
Geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə kömək edir - Əminə Məlikova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Vahid məktəbli forması şagirdlərin diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova deyib.

O əlavə edib ki, bununla yanaşı, milli geyimlərin və onların elementlərinin məktəb tədbirlərində istifadəsi uşaqların mədəni irsimizi daha yaxından tanımasına şərait yaradır.

Milli Xalça Muzeyinin direktoru vahid məktəbli formasını dəstəklədiyini və Nazirlər Kabinetinin müvafiq qərarını alqışladığını bildirib.

“Geyimlə bağlı ümumi tələblər uşaqların diqqətini təhsilə yönəltməyə, məktəb qaydalarına hörmət hissini formalaşdırmağa və ailələrin maddi imkanları arasındakı fərqlərin daha az nəzərə çarpmasına kömək edir”, – deyə Ə.Məlikova qeyd edib.

Onun sözlərinə görə, məktəb hər bir uşağın özünü kollektivin üzvü kimi hiss etməli olduğu ümumi təhsil məkanıdır. Bununla yanaşı, geyim tələbləri uşaqların və valideynlərin hisslərinə həssaslıqla yanaşılaraq, onlara sakit və hörmətli şəkildə izah edilməlidir.

Ə.Məlikova vurğulayıb ki, valideynlər və pedaqoqlar uşaqlara bu qaydaların mahiyyətini anlamaqda kömək etməli, müəllimlər isə müəyyən edilmiş tələblərə hörmətlə yanaşmaqda nümunə göstərməlidirlər.

Azərbaycan mədəniyyətinin təbliği ilə uzun illərdir məşğul olduğunu və kəlağayının qadınların gündəlik həyatına qayıtmasına töhfə verdiyini bildirən muzey direktoru milli ənənələrin qorunmasına xüsusi önəm verdiyini deyib. O qeyd edib ki, hazırda gənclərin öz köklərini daha yaxından tanımağa və milli geyim elementlərindən istifadə etməyə maraq göstərməsi sevindirici haldır.

“Mədəni irs həyatımızın bir hissəsinə çevrildikcə yaşamağa davam edir”, – deyə Ə.Məlikova bildirib.

O, Azərbaycan milli geyiminin parçaları, çoxqatlı quruluşu, baş geyimləri və bəzəkləri ilə zəngin olduğunu diqqətə çatdırıb. Milli geyim dəstindən gündəlik həyatda istifadə etməyin hər zaman rahat olmadığını qeyd edən muzey direktoru hər bir qadının belə bir geyimə sahib olmaq imkanının olmasını arzuladığını bildirib.

Ə.Məlikovanın sözlərinə görə, milli geyim insanlarda əvvəlki nəsillərlə xüsusi bağlılıq hissi yaradır. O, kəlağayını bu bağlılığı müasir geyimdə də yaşatmaq üçün gözəl vasitə kimi qiymətləndirib.

Muzey direktoru məktəblərdə tarixə, mədəniyyətə və milli-mənəvi dəyərlərə həsr olunan tədbirlərdə Pedaqoji Şuranın qərarı ilə milli geyimlərdən və ya onların elementlərindən istifadəyə imkan verilməsini də alqışlayıb.

O bildirib ki, bu yanaşma gündəlik məktəb həyatında vahid geyim formasına riayət olunmasını, müvafiq mədəni tədbirlərdə isə uşaqların milli geyimimiz və onun mənası ilə tanış edilməsini nəzərdə tutur.

Ə.Məlikovanın fikrincə, beləliklə, şagirdlərdə həm məktəbin ümumi qaydalarına hörmət, həm də mədəniyyətə, ənənələrə və bir-birinə ehtiram hissi formalaşdırmaq mümkündür.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti