Bakı.Trend:
Avropa İqlim, İnfrastruktur və Ətraf Mühit üzrə İcra Agentliyi (CINEA) “Avropanı birləşdirən mexanizm” (CEF) çərçivəsində nəqliyyat layihələrinin birgə maliyyələşdirilməsi üçün ümumi məbləği təxminən 3 milyard avro olan 246 müraciət alıb.
Avropa Komissiyasının saytında dərc olunan məlumata görə, tələb olunan maliyyələşdirmə məbləği nəzərdə tutulan 1,1 milyard avroluq büdcəni təxminən 2,69 dəfə üstələyir.
Qeyd olunub ki, 2026-cı il üzrə CEF Transport müsabiqəsinə müraciətlərin qəbulu oktyabrın 6-da başa çatıb.
“Agentlik növbəti mərhələdə müraciətlərin müəyyən edilmiş tələblərə və uyğunluq meyarlarına cavab verib-vermədiyini yoxlayacaq. Daha sonra uyğun hesab edilən layihələr müstəqil xarici ekspertlər, Avropa Komissiyası və CINEA tərəfindən qiymətləndiriləcək.
Müraciət edənlərin qiymətləndirmənin nəticələri barədə 2027-ci ilin martında məlumatlandırılması gözlənilir. Seçilmiş layihələrin həyata keçirilməsi üçün qrant müqavilələri isə 2027-ci ilin iyun ayınadək imzalanacaq.
Seçilmiş layihələr Avropa İttifaqında və onun hüdudlarından kənarda nəqliyyat infrastrukturunun tikintisinə və modernləşdirilməsinə yönələcək. Onlar, həmçinin hərbi mobillik imkanlarının artırılması da daxil olmaqla, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) inkişafına töhfə verəcək”, – məlumatda bildirilib.
CEF Transport Avropa İttifaqının Trans-Avropa Nəqliyyat Şəbəkəsinin formalaşdırılmasının tamamlanması və modernləşdirilməsi üçün əsas maliyyə alətidir.
CEF çərçivəsində maliyyələşdirilən layihələr Avropa Komissiyasının daha dayanıqlı, ağıllı və çevik nəqliyyat sistemi yaratmaq konsepsiyasını dəstəkləyir və Avropa İttifaqının 2050-ci ilədək iqlim neytrallığına nail olmaq məqsədinə xidmət edir.
2021–2027-ci illəri əhatə edən CEF proqramı çərçivəsində TEN-T şəbəkəsində həyata keçirilən və ümumi maraq kəsb edən nəqliyyat layihələrinin dəstəklənməsi üçün 25,8 milyard avro vəsait nəzərdə tutulub. CEF Transport üzrə ayrılan maliyyələşdirmənin təxminən 80 faizi Avropa İttifaqının öhdəliklərinə uyğun olaraq iqlim məqsədlərinə nail olunmasına yönəldilir.
2014-cü ildən etibarən CEF-in dəstəyi ilə nəqliyyat sektorunda ümumi dəyəri 46,54 milyard avro olan 1 943 layihə həyata keçirilir.
