Azərbaycanda istehlak qiymətləri sentyabrda 5,5 faiz artıb

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 15:43 (UTC +04:00)
Azərbaycanda istehlak qiymətləri sentyabrda 5,5 faiz artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2026-cı ilin sentyabr ayında istehlak qiymətləri əvvəlki ilin eyni ayına nisbətən 5,5 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,7 faiz yüksəlib. Bu dövrdə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymətlər 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymətlər isə 5,5 faiz artıb.

Cari ilin sentyabr ayında istehlak qiymətləri avqust ayına nisbətən 0,9 faiz artıb. Beləliklə, aylıq inflyasiya göstəricisi 1 faizə yaxın olub.

Statistik məlumatlara əsasən, 2026-cı ilin əvvəlindən istehlak qiymətlərinin illik artım tempi əsasən 5–6 faiz intervalında dəyişib. Sentyabrda illik inflyasiya 5,5 faiz təşkil edib. İlin əvvəlində bu göstərici 5,4 faiz olduğu halda, aprel və may aylarında 6,3 faizə yüksəlib, iyun ayında 6 faizə, iyulda 5 faizə, avqustda isə 4,9 faizə enib. Sentyabr ayında illik artım yenidən 5,5 faizə çatıb.

Sentyabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,4 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 6,9 faiz artıb.

Ayrı-ayrı qida məhsulları üzrə ən yüksək aylıq qiymət artımı tərəvəzlərdə qeydə alınıb. Belə ki, sentyabr ayında tərəvəzlərin qiyməti avqust ayına nisbətən 6,9 faiz bahalaşıb. Yumurta üzrə qiymət artımı 5,4 faiz, ət və ət məhsulları üzrə 2 faiz, balıq və balıq məhsulları üzrə 1,9 faiz təşkil edib.

Eyni dövrdə süd və süd məhsullarının qiymətləri 0,4 faiz, çörək, çörək məmulatları və yarmaların qiymətləri 0,3 faiz artıb. Alkoqollu içkilərin qiymətində 0,4 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələrdə isə 0,2 faiz artım qeydə alınıb. Çay, qəhvə və kakaonun qiyməti 0,1 faiz yüksəlib.

Bununla yanaşı, bəzi ərzaq məhsullarının qiymətində azalma müşahidə olunub. Belə ki, sentyabr ayında kərə yağının qiyməti 0,2 faiz, meyvələrin qiyməti isə 1,3 faiz ucuzlaşıb. Qənd, cem, bal, şokolad və qənnadı məmulatları, eləcə də tütün məmulatlarının qiymətində ciddi dəyişiklik baş verməyib.

Komitənin məlumatına görə, sentyabr ayında ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri əvvəlki aya nisbətən artıb. Kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətləri isə ucuzlaşıb.

2026-cı ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,6 faiz artıb. Ay ərzində geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətlərində artım, zərgərlik məmulatlarının qiymətlərində isə azalma qeydə alınıb.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymətlər sentyabr ayında avqust ayına nisbətən 0,6 faiz, 2025-ci ilin sentyabr ayına nisbətən isə 5,1 faiz artıb. Ay ərzində ali və orta ixtisas təhsili müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzil kirayəsinin və bərbərxana xidmətlərinin qiymətləri yüksəlib.

Eyni zamanda, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində isə ciddi dəyişiklik baş verməyib.

Beləliklə, 2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətlərinin 5,7 faiz artımında əsas pay qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları qrupunun qiymət artımının üzərinə düşüb. Sentyabr ayında isə həm ərzaq, həm qeyri-ərzaq məhsulları, həm də xidmətlər üzrə aylıq qiymət artımı qeydə alınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti