Prezident İlham Əliyevdən iqtisadi diplomatiya mesajı: Azərbaycan yeni bazarlara yönəlir

Siyasət Xəbər 12 Oktyabr 2026 16:19 (UTC +04:00)
Prezident İlham Əliyevdən iqtisadi diplomatiya mesajı: Azərbaycan yeni bazarlara yönəlir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Kambocanın Baş naziri Hun Manetlə görüşündə Cənub-Şərqi Asiyanın ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bəyan edib. Prezident İlham Əliyev iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin, ticarət dövriyyəsinin artırılmasının və qarşılıqlı investisiyaların təşviqinin vacibliyini vurğulayıb.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, Prezident İlham Əliyevin açıqlaması Azərbaycanın beynəlxalq tərəfdaşlıq coğrafiyasını genişləndirmək və yeni iqtisadi imkanlar əldə etmək strategiyası baxımından diqqət çəkir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə müxtəlif regionlarla əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsi və iqtisadi tərəfdaşların şaxələndirilməsi mühüm yer tutur. Azərbaycanla Kamboca arasında siyasi münasibətlərin inkişafı iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin hələlik aşağı səviyyədə olduğunu qeyd edərək Baş nazirin səfərindən sonra bu sahədə canlanma yaranacağına əminliyini ifadə edib. Görüşdə ticarət və investisiya əməkdaşlığının praktiki məsələləri ilə məşğul olacaq birgə işçi qrupunun yaradılması barədə razılıq əldə edilib. Sənaye, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələri də əməkdaşlığın perspektiv istiqamətləri kimi müəyyənləşdirilib. Bu yanaşma Prezident İlham Əliyevin xarici siyasətdə siyasi dialoqu konkret iqtisadi nəticələrlə tamamlamaq məqsədini göstərir. İki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi yeni bazarlara çıxış, birgə istehsal müəssisələrinin yaradılması və qarşılıqlı investisiyaların artırılması üçün imkanlar aça bilər".

A. Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin Cənub-Şərqi Asiyanı Azərbaycanın xarici siyasət prioritetlərindən biri kimi təqdim etməsi ölkəmizin beynəlxalq əlaqələrini daha geniş coğrafiyada inkişaf etdirmək niyyətini nümayiş etdirir.

"Prezident İlham Əliyev BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Azərbaycanla Kamboca arasında fəal əməkdaşlığın olduğunu vurğulayıb. Kambocanın dəstəyi ilə Azərbaycanın ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi də bu əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi ölkəmizə nəqliyyat və logistika sahələrində əlavə imkanlar qazandırır. Prezident İlham Əliyevin çıxışında bu istiqamətlərin xüsusi qeyd edilməsi Azərbaycanın beynəlxalq bağlantıların inkişafında rolunu gücləndirmək və yeni iqtisadi tərəfdaşlıqlar qurmaq məqsədini əks etdirir".

Politoloqun sözlərinə görə, görüşdə Azərbaycanın dövlət xidmətləri modelinin Kambocada maraq doğurması da müsbət qiymətləndirilib.

"Prezident İlham Əliyev “ASAN xidmət” sisteminin ikitərəfli münasibətlərə töhfə verə biləcəyini bildirib. Bu, Azərbaycanın yalnız iqtisadi əlaqələr qurmaq deyil, həm də dövlət idarəçiliyi sahəsində topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşmək niyyətini göstərir. Prezident İlham Əliyev Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq qarşılıqlı təhsil imkanlarının yaradılmasının vacibliyini vurğulayıb. Təhsil və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi xalqlar arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edə bilər".

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanla Kambocanın qarşılaşdığı ümumi problemlərdən biri kimi mina təhlükəsinə də toxunub.

"Prezident İlham Əliyev bu sahədə təcrübə və bilik mübadiləsinin, eləcə də birgə təlimlərin keçirilməsinin əhəmiyyətini qeyd edib. Bununla yanaşı, Prezident İlham Əliyev sülh və təhlükəsizliyin inkişafın əsas şərtləri olduğunu bildirərək beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri və “Böyük Qayıdış” proqramı da çıxışda diqqətə çatdırılıb. Bu mesajlar Azərbaycanın beynəlxalq tərəfdaşlarla münasibətlərində təhlükəsizlik, suverenlik və beynəlxalq hüquq prinsiplərinə verdiyi əhəmiyyəti əks etdirir."

Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə görüşü Azərbaycanın Cənub-Şərqi Asiya ilə əlaqələri genişləndirmək istiqamətində atdığı addımların əhəmiyyətini göstərir.

"Siyasi dialoqun iqtisadi əməkdaşlıq, investisiya, təhsil və nəqliyyat sahələrində konkret təşəbbüslərlə tamamlanması münasibətlərin inkişafı üçün zəmin yaradır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu yanaşma Azərbaycanın yeni bazarlara çıxış imkanlarını genişləndirmək, beynəlxalq tərəfdaşlıqlarını şaxələndirmək və ölkənin regional bağlantılardakı rolunu gücləndirmək baxımından əhəmiyyətlidir. Əsas məqsəd mövcud siyasi imkanları davamlı iqtisadi əməkdaşlığa və qarşılıqlı faydalı layihələrə çevirməkdir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti