Bakı.Trend:
Azərbaycan və Kamboca qarşılıqlı investisiyaların genişləndirilməsində, energetika, süni intellekt (Sİ) və texnologiyaların ötürülməsi sahələrində əməkdaşlıqda maraqlıdır.
Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumu çərçivəsində Kamboca Ticarət Palatasının prezidenti, ASEAN Biznes Məsləhət Şurasının sədri Neak Okxa Kit Menq jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, forum iki ölkə arasında investisiya əməkdaşlığının inkişafına, o cümlədən Azərbaycan şirkətlərinin Kambocaya, Kamboca şirkətlərinin isə Azərbaycana cəlb edilməsinə yönəlib.
“Bunun iki ölkə üçün əla imkan olduğunu düşünürük. Bir-birimizdən uzaqda yerləşməyimizə baxmayaraq, bu məsafəni azaltmaq, mədəniyyətlərimiz və şirkətlərimiz arasında əlaqələri möhkəmləndirmək mümkündür. Tərəflər əməkdaşlığın ümumi istiqamətlərini və həyata keçirilmə mexanizmlərini müəyyənləşdirməyə imkan verəcək çərçivə əməkdaşlığını müzakirə edirlər”, - deyə o bildirib.
Kambocanın Avrasiya nəqliyyat marşrutlarına, o cümlədən Orta Dəhlizə inteqrasiyası perspektivlərindən danışan Kit Menq qeyd edib ki, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) üzvü olan Kamboca Mərkəzi Asiya ilə iqtisadi əlaqələrini genişləndirməyə çalışır.
Bundan əlavə, onun sözlərinə görə, energetika sahəsində inteqrasiya, süni intellekt və texnologiyalar səfər və biznes forumu çərçivəsində tərəflərin nəzərdən keçirdiyi əməkdaşlıq istiqamətləri sırasındadır.
