Kamboca 2027-ci ildə Azərbaycanla konkret investisiya layihələrinin həyata keçiriləcəyinə ümid edir

İqtisadiyyat Xəbər 12 Oktyabr 2026 16:36 (UTC +04:00)
Kamboca 2027-ci ildə Azərbaycanla konkret investisiya layihələrinin həyata keçiriləcəyinə ümid edir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Kamboca 2027-ci ildə Azərbaycanla konkret investisiya layihələrinin həyata keçiriləcəyinə ümid edir.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu bazar ertəsi Kamboca Krallığının Baş naziri Hun Manet Bakıda keçirilən Azərbaycan-Kamboca biznes forumunda bildirib.

Onun sözlərinə görə, tərəflər işgüzar dairələrin nümayəndələri arasında aparılan danışıqların qarşılıqlı biznes səfərlərinin təşkilinə, strateji tərəfdaşlıq haqqında sazişlərin imzalanmasına, eləcə də 2027-ci ildə və sonrakı dövrdə konkret investisiya layihələrinin həyata keçirilməsinə gətirib çıxaracağına ümid edirlər.

“İqtisadi-ticarət əməkdaşlığı üzrə çərçivə sazişinin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin imzalanması iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün zəmin yaradır. Kamboca ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq ilkin mərhələdədir və onun genişləndirilməsi üçün imkanlarımız var. Diqqətimizi ticarət olunan mal və xidmətlərin çeşidinin genişləndirilməsinə, müəssisələr arasında əməkdaşlığın təşviqinə, eləcə də yeni investisiya və iqtisadi əməkdaşlıq istiqamətlərinin araşdırılmasına yönəltməliyik”, – deyə Hun Manet qeyd edib.

O vurğulayıb ki, hər iki ölkə bir-birini tamamlayan iqtisadi imkanlara malikdir. Onun sözlərinə görə, Azərbaycanın enerji, neft-kimya, bərpaolunan enerji, aqrotexnologiyalar, logistika və rəqəmsal infrastruktur sahələrində potensialı var. Kamboca isə inkişaf etmiş istehsal və kənd təsərrüfatı sektorlarına, eləcə də gənc işçi qüvvəsinə malikdir.

Qeyd edək ki, oktyabrın 12-də Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Kambocanın Baş naziri Hun Manetin iştirakı ilə Azərbaycan-Kamboca biznes forumu keçirilir.

Tədbir çərçivəsində Kambocanın investisiya imkanlarının təqdimatı da keçirilib. Bundan əlavə, sənədlərin, o cümlədən Kamboca Ticarət Palatası ilə Azərbaycan Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun mübadiləsi baş tutub.

Hər iki ölkənin nümayəndələri biznes və investisiya imkanlarını da təqdim ediblər. Daha sonra sahibkarlar arasında ikitərəfli B2B görüşləri keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti