Bakı. Trend:
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF) təşkilatçılığı ilə “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda ictimai müzakirə keçirilib.
Trend-in müxbirinin xəbərinə görə, tədbirdə Azərbaycana qarşı dini dəyərlər və inanclar mövzusu üzərindən aparılan dezinformasiya kampaniyaları, dünyəvi dövlətçilik modelinin qorunması və milli həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimov bildirib ki, son günlər Azərbaycana qarşı dini inancların müdafiəsi pərdəsi altında dezinformasiya hücumları həyata keçirilir və bu cür hallara qarşı vətəndaş cəmiyyətinin səfərbərliyi vacibdir. Onun sözlərinə görə, QHT-lər təxribatları, hibrid təhdidləri və dezinformasiya hücumlarını pisləyən bəyanat yayıblar.
Z.İbrahimov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətçilik modeli ilə dini dəyərləri uzlaşdıran ölkələrdən biridir. O vurğulayıb ki, Azərbaycanın müstəqil inkişaf yolu və güclənməsi bəzi xarici qüvvələrdə narahatlıq yaradır, bu qüvvələr isə milli birlik və həmrəyliyi hədəfə alırlar.
“Azərbaycan məhz bu milli həmrəyliyin nəticəsində Qarabağ müharibəsində tarixi zəfər qazandı”, - deyə o bildirib.
Z.İbrahimov cəmiyyəti baş verənləri Konstitusiya, qanunvericilik və milli maraqlar çərçivəsində qiymətləndirməyə, xarici təxribatlara uymamağa çağırıb.
AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, “Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusunun elmi rəhbəri Cəbi Bayramov isə çıxışında Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinin Konstitusiya ilə təsbit olunduğunu bildirib. O, hicabla bağlı müzakirələrə toxunaraq bu məsələnin tarixi kontekstdə araşdırılmasının vacibliyini qeyd edib və məktəblərdə geyim qaydalarının qanunvericiliyə uyğun tətbiq edilməli olduğunu vurğulayıb.
C.Bayramovun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif dinlərin mövcud olduğu məkan olub və ölkənin dünyəvi dövlət quruluşu, təhsil sistemi qanunvericiliklə müəyyənləşdirilən prinsiplər əsasında fəaliyyət göstərir. O, xarici qüvvələrin ölkənin daxili məsələlərinə müdaxiləsini yolverilməz hesab etdiyini bildirib.
Tarixçi, həmçinin ictimai müzakirələrdə alimlərin və mütəxəssislərin iştirakının artırılmasının vacibliyinə diqqət çəkib. O, televiziya məkanında tarix, mədəniyyət və dini məsələlərə dair daha geniş müzakirələrin təşkil edilməsini təklif edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev isə Azərbaycanın regional və qlobal geosiyasi, iqtisadi proseslərdə rolunun artmasının ölkəyə qarşı ideoloji təxribatlarla müşayiət olunduğunu bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
E.Mustafayev qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin tarixən mövcud olduğu ölkədir. O, İslam mədəniyyətinin inkişafında Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi və Füzuli kimi Azərbaycan alim və mütəfəkkirlərinin rolunu vurğulayıb. O bildirib ki, ölkənin İslam əleyhinə dövlət kimi təqdim edilməsi həqiqəti əks etdirmir.
Çıxışında dini abidələrin qorunması məsələsinə də toxunan E.Mustafayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası ilə yanaşı, ölkədə digər dinlərə məxsus ibadət yerlərinə də diqqət göstərilir. O, müasir dövrdə hibrid müharibələrin informasiya və digər vasitələrlə dövlətlərə təzyiq göstərmək məqsədi daşıdığını qeyd edərək, ideoloji təxribatlara qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb.
