Bakı. Trend:
Son günlər Azərbaycanda məktəblərdə vahid geyim forması ətrafında aparılan müzakirələr cəmiyyətin diqqət mərkəzindədir. Vahid geyim forması və baş örtüyü ilə bağlı məsələlərə yalnız dini inanc və şəxsi seçim nöqteyi nəzərindən yanaşmaq düzgün deyil. Bu mövzu dövlətin təhsil siyasəti, dünyəvilik prinsipi, qanunun aliliyi, valideyn məsuliyyəti və uşaqların gələcəyinə münasibətlə bağlıdır. Bu səbəbdən hər bir vətəndaş məsələnin mahiyyətini düzgün anlamalı, emosional yanaşmalardan uzaq olmalı, dövlətin üzərinə düşən vəzifələri və cəmiyyətimizin ümumi maraqlarını üstün tutmalıdır. Atılan addımlar şübhəsiz ki, təhsil sistemində nizam-intizamı qorumaq və uşaqların keyfiyyətli təhsil almasını təmin etmək məqsədi daşıyır.
Məktəb cəmiyyətin gələcəyini formalaşdıran ən mühüm institutlardan biridir. Burada uşaqlar elmi biliklərə yiyələnməklə yanaşı, həm də qanunlara hörmət etməyi, məsuliyyət daşımağı, fərqli düşüncələrə malik insanlarla ünsiyyət qurmağı və ictimai qaydalara əməl etməyi öyrənirlər.
Azərbaycan dünyəvi dövlət kimi təhsilin qanunvericilik və dövlət standartları çərçivəsində təşkil olunmasını təmin edir. Bu yanaşma dini dəyərlərin inkar edilməsi anlamına gəlməməlidir. Məktəblərdə vahid geyim qaydalarının müəyyənləşdirilməsi də bu idarəçilik yanaşmasının bir hissəsidir. Əlbəttə ki, hər bir dövlət təhsil müəssisələrində ümumi tələblər müəyyən etmək hüququna malikdir. Bu mənada vahid məktəbli formasının əsas məqsədi yalnız zahiri görünüşü nizamlamaq deyil. Bu qayda məktəbdə ümumi mühitin formalaşmasına, geyim üzərindən sosial fərqlərin aradan qaldırılmasına və təhsil prosesində diqqətin əsas məqsəddən yayınmamasına kömək edəcək.
Geyimin sosial status göstəricisinə çevrilməməsi, şagirdlər arasında süni fərqlərin yaranmaması və məktəb mühitində ortaq qaydaların qorunması mühüm əhəmiyyət daşıyır. Vahid forma bu baxımdan önəmlidir.
Təəssüf ki, son günlər müəyyən qüvvələr məqsədli şəkildə dini inanc və dünyəvilik prinsiplərini bir-birinə qarşı qoymağa çalışırlar. Bəzi ölkələr və müəyyən siyasi dairələr Azərbaycanın son illərdə əldə etdiyi tarixi uğurları, xüsusilə də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bölgədə yaranan yeni reallıqları, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasəti həzm edə bilmir. Həmin dairələr media və sosial şəbəkələr vasitəsilə ölkəmizdə gedən proseslərə müdaxilə etməyə, ideoloji təxribatlar törətməyə, cəmiyyətimizin uzun illər qoruyub saxladığı birliyi və həmrəyliyi pozmağa cəhd göstərirlər.
Azərbaycana qarşı düşmən mövqeyində olan bu siyasi dairələrin əsas məqsədi cəmiyyət daxilində parçalanmaya yol açmaqdır. Bu məkrli addımlar dünyəvi dövlətçilik prinsiplərinə və ölkəmizin inkişaf strategiyasına qarşı yönəlmiş ideoloji təhdidlər kimi qiymətləndirilməlidir. Xüsusilə də, bəzi qonşu ölkələr tərəfindən baş örtüyü məsələsinin süni şəkildə siyasiləşdirilməsi və Azərbaycan əleyhinə təbliğat kampaniyasının aparılması heç də təsadüfi deyil.
Həmin xarici dairələr, həmçinin onların zərərli təsirlərinə uyan bəzi daxili təxribatçı qüvvələr də anlamalıdırlar ki, təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi keyfiyyətli təhsil mühitinin təşkili, daxili nizam-intizamın möhkəmləndirilməsi, sağlam məktəb mədəniyyətinin formalaşdırılması məqsədi daşıyır.
Bir məqam da xüsusi vurğulanmalıdır ki, məktəblərdə müəllimlərin geyimi və peşə məsuliyyəti də son dərəcə əhəmiyyətlidir. Müəllim yalnız bilik öyrədən şəxs deyil, həm də şagirdlərin davranışına, düşüncəsinə təsir göstərən təhsil işçisidir. Bu səbəbdən müəllimlərin geyimi və peşə davranışı da mühim amillərdən biridir. Bədxah niyyətli xarici dairələrin əsas məqsədlərindən biri də müəllimlər arasında baş örtüyü məsələsi üzərindən manipulyasiyalar etmək və cəmiyyətimizdə bölücülük yaratmaqdan ibarətdir. Sirr deyil ki, müasir informasiya mühitində dini və ictimai məsələlər bəzən siyasi məqsədlər üçün istifadə olunur. Sosial şəbəkələrdə yayılan natamam məlumatlar, kontekstdən çıxarılan görüntülər və təsdiqlənməmiş iddialar cəmiyyətdə gərginliyi artıra bilər. Belə şəraitdə hər bir vətəndaşın son dərəcə ayıq-sayıq olması, məlumatların doğruluğunu yoxlaması və bu cür təxribatlara uymaması vacibdir. Hər bir vətəndaşın borcu informasiya manipulyasiyasına, dini radikallaşmaya və cəmiyyətdə düşmənçilik yaradan çağırışlara qarşı diqqətli olmaqdır.
Azərbaycan cəmiyyətində dini və milli-mənəvi dəyərlər mühüm yer tutur. Bu dəyərlərin qorunması, dini irsə hörmət və müxtəlif inanclara malik insanların dinc yanaşı yaşaması ictimai sabitliyin vacib elementləridir. Azərbaycan tarixən İslam mədəniyyətinin mühüm mərkəzlərindən biri olub. Bu gün ölkədə İslam dininə aid ibadət yerlərinin qorunması, yeni məscidlərin tikilməsi, tarixi dini abidələrin bərpası və din xadimlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Dini irsin qorunması dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri olmaqla yanaşı, Azərbaycanın tarixi-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsinə də xidmət edir. Din xadimlərinə və dini qurumlara maliyyə dəstəyi də dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dini qurumlara dəstək dini maarifləndirmə işinin təşkili, mənəvi dəyərlərin qorunması və dini icmaların fəaliyyətinin təmin olunması baxımından əhəmiyyət daşıyır. Odur ki, təhsil müəssisələrində vahid geyim forması ilə bağlı qəbul edilən qərarları kontekstdən çıxarmaq, siyasiləşdirmək, ideoloji təhdid alətinə çevirmək yolverilməzdir. Güclü təhsil sistemi aydın qaydalarla yanaşı, ədalətli tətbiq, qarşılıqlı hörmət və ictimai etimad üzərində qurulur. Məhz bu yanaşma həm dövlətin, həm ailələrin, həm də gələcək nəsillərin maraqlarına xidmət edir.
İlqar Hüseynov, Trend Beynəlxalq İnformasiya Agentliyinin direktoru
