Vahid məktəbli formasına dini don geyindirmək düzgün deyil - Arif Hüseynov

Gündəm Xəbər 13 Oktyabr 2026 10:51 (UTC +04:00)
Vahid məktəbli formasına dini don geyindirmək düzgün deyil - Arif Hüseynov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Vahid məktəbli formasının tətbiqi təhsil müəssisələrində ümumi qaydaların təmin olunmasına xidmət edir və bu məsələyə dini don geyindirmək düzgün deyil.

Bunu Trend-ə açıqlamasında Xalq rəssamı Arif Hüseynov deyib.

Onun sözlərinə görə, şagirdlərin ailələrinin maddi imkanlarına uyğun olaraq müxtəlif geyimlərdə məktəbə gəlməsi uşaqlar arasında fərqlərin üzə çıxmasına və müəyyən narazılıqlara səbəb ola bilər. Vahid məktəbli forması isə məktəbdə ümumi mühitin formalaşması baxımından əhəmiyyətlidir.

“Əvvəllər də məktəbli forması olub. Naxçıvanda da, Sumqayıtda da tətbiq edilib. Məktəbə gələn uşaqların geyimləri eyni olmalı, diqqətləri dərsə, savad öyrənməyə yönəlməlidir. Bunun dini azadlıqla heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.

Arif Hüseynov qeyd edib ki, Azərbaycan müxtəlif dini etiqadlara mənsub insanların yaşadığı dünyəvi ölkədir və bütün inanclara hörmətlə yanaşılır. Onun fikrincə, təhsil müəssisələrində müəyyən edilmiş geyim qaydalarına əməl olunmasını vicdan azadlığı məsələsi kimi təqdim etmək doğru yanaşma deyil.

Xalq rəssamı məktəblərin qarşısında toplaşaraq tədris mühitinə təsir göstərilməsini, uşaqların bu proseslərə cəlb edilməsini də düzgün hesab etmədiyini vurğulayıb. O, belə halların qarşısının alınmasının vacibliyini bildirib.

Arif Hüseynovun fikrincə, Qafqaz Müsəlmanları İdarəsi də məsələyə münasibət bildirməlidir.

“Azərbaycan həmişə dünyəvi olub, bütün xalqlara və dini etiqadlara hörmət edib. Ancaq təhsil müəssisələrində belə hallara yol vermək olmaz. Mən Azərbaycan Respublikasının vətəndaşı kimi bu qərarı təqdir edirəm. Məktəbli forması olmalıdır”, – deyə Xalq rəssamı əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti