Bakı.Trend:
Qazaxıstanda Xəzər dənizinin sahilində aşkarlanan Xəzər suitilərinin kütləvi tələfatının səbəbləri araşdırılır.
TASS Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Bautino kəndi yaxınlığında 15 ölü suiti aşkarlanıb.
“Oktyabrın 12-də Xəzər dənizinin sahilində aparılan monitorinq zamanı respublika dövlət müəssisəsi olan “Xəzər suitisi” Dövlət Təbiət Qoruğunun müfəttişləri Tupkaraqan rayonunun Bautino kəndindən qərbdə 15 suiti leşi aşkar ediblər. Manqistau vilayəti Ekologiya Departamentinin əməkdaşları dəniz suyundan və torpaqdan nümunələr götürüblər. Həmçinin müəyyən edilmiş sanitar tələblərə riayət olunmaqla sahilin təmizlənməsi işləri təşkil edilib”, - deyə qurumdan bildirilib.
Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyindən əlavə ediblər ki, hazırda mütəxəssislər sahilyanı ərazidə araşdırmaları davam etdirirlər. Suitilərin tələfatının səbəbləri tədqiqatlar nəticəsində müəyyənləşdiriləcək.
Qurum həmçinin xatırladıb ki, yaz və payız aylarında şimal-qərb və qərb istiqamətli fırtınalı küləklər zamanı ölü suitilərin cəsədlərinin sahilə çıxması halları vaxtaşırı qeydə alınır.
Xəzər suitisi yalnız Xəzər dənizinin sularında yaşayan endemik növdür və Qırmızı Kitabına daxil edilib. Bu növ dəniz ekosisteminin vəziyyətini qiymətləndirməyə imkan verən bioindikator hesab olunur.
