Bakı. Trend:
Donald Tramp bazar ertəsi ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Gilfoylun geri çağırılmasını nəzərdən keçirdiyinə dair mətbuatda yayılan məlumatları təsdiqləyib. Bir sıra nüfuzuna xələl gətirən ifşalardan sonra səfirin mövqeyi zəifləyib. Ağ Evdə bu məsələ ilə bağlı sualı cavablandıran ABŞ prezidenti deyib: “Biz bunu nəzərdən keçiririk. Narazıyıq”.
CNN telekanalının bazar günü yaydığı məlumata görə, Tramp böyük oğlu kiçik Donaldın keçmiş nişanlısı olan Gilfoylun gələcək taleyi ilə bağlı qərarı tezliklə verə bilər. Son günlər The Wall Street Journal qəzeti əvvəllər Fox News telekanalında aparıcı işləmiş və sonradan Tramp tərəfdarlarının “Make America Great Again” (“Amerikanı yenidən möhtəşəm edək”) hərəkatının tanınmış simasına çevrilmiş Gilfoyl üçün ciddi narahatlıq doğuran bir sıra məqalələr dərc edib.
Qəzetin dərc etdiyi və ekran görüntüləri ilə müşayiət olunan məlumatlara görə, Kimberli Gilfoyl aylarla Kentukki ştatından Konqresə keçmiş namizəd, hüquqşünas Erik Deterslə yazışıb. Deters vergi orqanları ilə yaşadığı problemlərin həlli üçün Tramp administrasiyasının müdaxiləsinə nail olmağa çalışıb. 2020-ci ildən bəri Respublikaçılar Partiyasına böyük məbləğdə ianələr edən bu varlı donor Tramp ailəsinə və 2024-cü il prezident seçkilərinin qalibi olan namizədin düşərgəsinə də yüz minlərlə dollar vəsait ayırıb.
Lakin Gilfoylun 2025-ci ilin iyulunda etdiyi müraciət daha çox şəxsi xarakter daşıyırmış: o, kredit kartı üzrə borcunun ödənilməsini istəyib. “Əzizim, bunu bu gün etməyinə ehtiyacım var”, – deyə o yazıb. The Wall Street Journal qəzetinin məlumatına görə, Gilfoyl Signal mesajlaşma tətbiqində ona belə bir təklif də verib: “Pulu American Express-ə köçürsən, bu, nəzərə çarpmayacaq”.
Erik Deters bu xahişi yerinə yetirməyib və bunun evliliyini təhlükə altına atacağını bildirib. Qəzet qeyd edir ki, səfir Gilfoylun vəkili dərc olunmuş mesajların həqiqiliyini şübhə altına alıb, lakin bununla bağlı əlavə təfərrüat açıqlamayıb.
Sonuncu ifşada The Wall Street Journal şənbə günü audioyazılara əsaslanaraq səfirin Yunanıstanın varlı iş adamlarının hesabına etdiyi səyahətlər və lüks istirahətlər barədə öyündüyü söhbətləri dərc edib. Qəzetin istinad etdiyi başqa bir yazışmada isə Gilfoyl ötən ilin yanvarında Davos iqtisadi forumu çərçivəsində təşkil olunan şam yeməyinin qonaqlar siyahısına daxil edilməməsinə qəzəblənir və söyüşlər işlədir.
Son günlər ABŞ mətbuatı Kimberli Gilfoylun adı ilə bağlı digər mümkün maraqlar toqquşması hallarına da diqqət çəkib. O, həmçinin Kaliforniyanın Demokratlar Partiyasından olan qubernatoru Qevin Nyusomun keçmiş həyat yoldaşı olub.
Gilfoylun bazar ertəsi X sosial şəbəkəsində paylaşdığı son mesajda onu İspaniyanın milli bayramı münasibətilə keçirilən qəbulda İspaniyanın Yunanıstandakı səfiri ilə birlikdə görmək olar.
