Bakı. Trend:
Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini ratifikasiya edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, 2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış Sazişin məqsədi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyinin Azərbaycan Respublikasında öz funksiyalarını və vəzifələrini səmərəli yerinə yetirməsi üçün şərait yaradılması, onun hüquqi statusunun, imtiyaz və immunitetlərinin müəyyən edilməsi, habelə Azərbaycan Respublikası Hökuməti ilə Təşkilat arasında münasibətlərin tənzimlənməsidir.
Saziş preambula və 12 maddədən ibarətdir. Preambulada Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təsis edilməsinə, 2022-ci ildə qəbul olunmuş Şuşa Akkordu əsasında Gənclər Təşkilatının yaradılmasına və onun qərargahının Bakı şəhərində yerləşməsini nəzərdə tutan Nizamnaməsinin müddəalarına istinad edilir.
Sənəddə Katibliyin hüquqi şəxs statusuna malik olması, müqavilələr bağlamaq, torpaq sahələri istisna olmaqla daşınar və daşınmaz əmlak əldə etmək və onun barəsində sərəncam vermək, eləcə də məhkəmədə iddia qaldırmaq hüquqları nəzərdə tutulur. Katibliyin binalarının, əmlakının, arxiv və sənədlərinin toxunulmazlığı, əməkdaşlarının rəsmi vəzifələrinin icrası ilə bağlı imtiyaz və immunitetləri müəyyən edilir. Bu imtiyaz və immunitetlər əməkdaşlara şəxsi mənafeləri üçün deyil, funksiyalarını yerinə yetirmələri məqsədilə verilir.
Sazişlə Katibliyin vergilərdən, rəsmi istifadə üçün idxal və ya ixrac etdiyi mallar üzrə gömrük rüsumlarından, vergilərdən və əlaqədar ödənişlərdən azad edilməsi, valyuta saxlamaq, xarici valyutada hesablara malik olmaq, vəsaitlərini köçürmək və valyuta konvertasiyası həyata keçirmək hüquqları nəzərdə tutulur. Ayrı-ayrı imtiyazlar Azərbaycan Respublikasının vətəndaşı olan və ya ölkədə daimi yaşayan əməkdaşlara tətbiq edilmir.
Azərbaycan Respublikası Hökuməti Katibliyi müvafiq bina ilə təmin etmək, onun fəaliyyətinə zəruri maliyyə dəstəyi göstərmək və əməkdaşları üçün münasib yaşayış şəraiti təmin etmək öhdəliyi götürür. Dövlət büdcəsindən ayrılacaq illik maliyyə töhfəsinin yuxarı həddi 877 114,40 manat müəyyən olunur. Katiblik proqnozlaşdırılan illik büdcəsini Hökumətə təqdim edir, ayrılmış maliyyə töhfəsi isə hər il martın 1-dən gec olmayaraq onun bank hesabına köçürülür. Binanın yaxşı vəziyyətdə saxlanmasına görə məsuliyyət və kommunal xidmətlər üzrə ödənişlər Katibliyə aid edilir.
Sənəddə əməkdaşlara və onların ailə üzvlərinə rəsmi ezamiyyət məqsədilə ölkəyə giriş üçün tələb olunan vizaların ödənişsiz verilməsi, müvafiq şəxslərə akkreditasiya vəsiqələrinin təqdim edilməsi və heyətdə baş verən dəyişikliklər barədə Hökumətin məlumatlandırılması qaydaları da təsbit olunur.
Saziş onun qüvvəyə minməsi üçün tələb olunan daxili prosedurların tamamlandığını təsdiq edən Hökumətin rəsmi bildirişinin Təşkilat tərəfindən alındığı tarixdə qüvvəyə minir. Sazişə tərəflərin qarşılıqlı razılığı ilə ayrıca protokollar vasitəsilə dəyişikliklər edilə bilər. Onun təfsiri və ya tətbiqindən irəli gələn mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur.
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
