Bakı. Trend:
Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasəti ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir, müxtəlif güc mərkəzləri ilə strateji tərəfdaşlığını genişləndirir və qlobal dialoq üçün etibarlı platforma kimi rolunu artırır.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti ölkənin strateji manevr imkanlarını genişləndirir və beynəlxalq proseslərdə mövqeyini gücləndirir. Onun sözlərinə görə, Azərbaycan hər hansı geosiyasi blokun təsir dairəsinə daxil olmadan öz strateji prioritetlərini müstəqil şəkildə müəyyənləşdirir və həyata keçirir.
R.Nəbiyev qeyd edib ki, Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlıq qurması, ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ölkənin müstəqil diplomatiyasının və beynəlxalq nüfuzunun göstəriciləridir. Eyni zamanda, Azərbaycanın Rusiya, Ukrayna, Avropa İttifaqı ölkələri və digər dövlətlərlə münasibətləri müxtəlif istiqamətlər üzrə inkişaf edir.
Deputatın sözlərinə görə, Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq münasibətlərinin olması, Almaniya ilə ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyin razılaşdırılması xarici siyasətin şaxələndirildiyini göstərir. O vurğulayıb ki, müxtəlif ölkələrlə qurulan tərəfdaşlıqlar bir-birinə alternativ kimi nəzərdən keçirilməməlidir.
R.Nəbiyev Azərbaycanın beynəlxalq münasibətlərdə qarşıdurma yaşayan tərəflər arasında təmasların qurulmasına imkan verən platforma rolunu da diqqətə çatdırıb. O bildirib ki, belə bir mövqeyə sahib olmaq üçün yalnız əlverişli coğrafi yerləşmə kifayət etmir, beynəlxalq tərəfdaşlar arasında etimad və etibara malik olmaq da vacibdir.
Deputat Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəallığının və yeni əməkdaşlıq formatlarına qoşulmasının ölkənin xarici siyasət coğrafiyasını genişləndirdiyini bildirib. O xatırladıb ki, Azərbaycan 2024-cü ildə D-8 təşkilatına 9-cu üzv kimi qəbul edilib, 2025-ci ildə isə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulub. Həmin il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də keçirilib.
R.Nəbiyev Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyini də çoxtərəfli diplomatiyanın genişlənməsinin göstəricisi kimi dəyərləndirib.
O qeyd edib ki, 2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik edəcək, İƏT-in XVI Zirvə görüşünə ev sahibliyi edəcək. Həmin il Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Özbəkistanla həmsədrlik də nəzərdə tutulur. 2028-ci ildə isə Azərbaycanın ilk dəfə MDB-yə sədrlik etməsi planlaşdırılır.
Deputat əlavə edib ki, 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkənin beynəlxalq dialoq platforması kimi rolunu artıracaq. Onun sözlərinə görə, 47 üzv dövləti, o cümlədən Avropa İttifaqının 27 üzvünü birləşdirən bu siyasi platformanın toplantısının Bakıda təşkili Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir.
“Bu proseslərin strateji əhəmiyyəti yalnız beynəlxalq tədbirlərə ev sahibliyində deyil, həm də regional və qlobal gündəliyin formalaşdırılmasında, yeni təşəbbüslərin irəli sürülməsində və milli maraqlara uyğun davamlı tərəfdaşlıqların inkişaf etdirilməsindədir”, – deputat bildirib.
R.Nəbiyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda əməkdaşlıq üçün yeni siyasi reallıqlar yaratdığını da vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin sülh və əməkdaşlıq strategiyası əldə olunan nəticələrin dayanıqlı sabitliyə, iqtisadi inteqrasiyaya və qarşılıqlı etimada çevrilməsini hədəfləyir.
Deputatın fikrincə, Azərbaycanın xarici siyasətdə artan fəallığı ölkənin iqtisadi, siyasi və hərbi imkanları ilə uzlaşır. O, Prezident İlham Əliyevin 2026-cı ilin iyulunda IV Şuşa Qlobal Media Forumunda və oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycanın orta güc kimi mövqeyinə dair səsləndirdiyi fikirləri xatırladıb.
R.Nəbiyev bildirib ki, orta güc statusunun əsas meyarları iqtisadi müstəqillik, suveren qərarvermə qabiliyyəti, milli maraqların müdafiəsi və beynəlxalq proseslərə təsir imkanlarıdır.
O vurğulayıb ki, Azərbaycanın müstəqil xarici siyasəti, regional sülh təşəbbüsləri və genişlənən strateji tərəfdaşlıqları ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, eləcə də regional və qlobal əməkdaşlıqda rolunun artmasına şərait yaradır.
