Bakı. Trend:
Qoşulmama Hərəkatının Gənclər Təşkilatı ilə Milli Məclisin müvafiq strukturları arasında gənc parlamentarların iştirakı ilə müntəzəm dialoq mexanizminin yaradılması təklif olunur. Bu, gənclərin beynəlxalq siyasi proseslərdə iştirakını genişləndirməklə yanaşı, parlament diplomatiyasının inkişafına da töhfə verə bilər.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, deputat Vüqar İskəndərov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, müasir dünyada dövlətlərin gücü yalnız iqtisadi imkanları, hərbi qüdrəti və təbii sərvətləri ilə ölçülmür. Gələcəyin siyasi düşüncəsinə təsir göstərmək, gənc liderlər arasında əlaqələr qurmaq və diplomatik təşəbbüsləri davamlı institutlara çevirmək də beynəlxalq siyasətdə mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının yaradılması və daimi katibliyinin Bakıda yerləşməsi yalnız gənclər siyasəti çərçivəsində qiymətləndirilməməlidir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq siyasi və diplomatik mövqeyinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir.
V.İskəndərov qeyd edib ki, Qoşulmama Hərəkatı tarixən hərbi-siyasi bloklardan kənarda qalmaq, dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və müstəqil siyasət yürütmək hüququnu müdafiə etmək prinsipləri əsasında formalaşıb. Azərbaycan isə Hərəkata sədrliyi dövründə gənclərin beynəlxalq əməkdaşlığını ayrıca istiqamət kimi gündəmə gətirib.
Deputat gənclər diplomatiyasının dövlətlərarası münasibətlərin uzunmüddətli inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün beynəlxalq platformalarda əlaqə quran gənclər gələcəkdə öz ölkələrində diplomat, parlamentar, nazir və beynəlxalq təşkilatların rəhbərləri kimi fəaliyyət göstərə bilərlər.
“Gənclər diplomatiyası gələcək dövlətlərarası münasibətlərə qoyulan uzunmüddətli sərmayədir”, – deputat qeyd edib.
O bildirib ki, Qoşulmama Hərəkatının Gənclər Təşkilatının daimi katibliyinin Bakıda yerləşməsi beynəlxalq əlaqələrin əlaqələndirilməsi, yeni təşəbbüslərin hazırlanması və müxtəlif regionlardan olan gənclər arasında davamlı ünsiyyətin qurulması üçün imkanlar yaradır.
V.İskəndərovun sözlərinə görə, Asiya, Afrika, Latın Amerikası və digər regionlardan dövlətləri birləşdirən Qoşulmama Hərəkatının Gənclər Təşkilatı Azərbaycanın həmin ölkələrlə əlaqələrinin daha da genişlənməsinə xidmət edə bilər. Bu əməkdaşlıq yalnız rəsmi diplomatiya ilə məhdudlaşmamalı, elm, təhsil, innovasiya və mədəniyyət sahələrini də əhatə etməlidir.
Deputat təşkilatın fəaliyyətinin praktiki nəticələrinin artırılması üçün bir sıra istiqamətlərin inkişaf etdirilməsini vacib sayıb. Onun fikrincə, gənc parlamentarların mübadiləsi, birgə tədqiqat proqramları, rəqəmsal diplomatiya və beynəlxalq hüquq sahəsində layihələr təşkilatın fəaliyyətini daha səmərəli edə bilər.
“Beynəlxalq siyasətdə bəzən ən böyük uğur bugünkü qərara təsir etmək deyil, sabah qərar verəcək insanlarla bu gündən əlaqə qurmaqdır”, – V.İskəndərov bildirib.
Deputat Qoşulmama Hərəkatının Gənclər Təşkilatının 29 iyul 2022-ci ildə Şuşada qəbul edilən razılaşma əsasında yaradıldığını və onun daimi katibliyinin Bakıda yerləşməsinin qərara alındığını xatırladıb.
O vurğulayıb ki, bu təşəbbüs Şuşanın əhəmiyyətini yalnız Azərbaycanın bərpa olunan şəhərlərindən biri kimi deyil, həm də beynəlxalq gənclər əməkdaşlığı ilə bağlı mühüm qərarın qəbul edildiyi məkan kimi ortaya qoyur.
V.İskəndərov Milli Məclisin müvafiq strukturları ilə Qoşulmama Hərəkatının Gənclər Təşkilatı arasında gənc parlamentarların iştirakı ilə müntəzəm dialoq mexanizminin yaradılmasını təklif edib. Onun fikrincə, belə bir mexanizm həm parlament diplomatiyasının inkişafına, həm də gənclərin beynəlxalq siyasi proseslərdə iştirak imkanlarının genişlənməsinə şərait yarada bilər.
Deputat çıxışının sonunda Azərbaycanın məqsədinin yalnız beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən ibarət olmadığını vurğulayıb. O bildirib ki, əsas hədəf həmin tədbirlərdən sonra da fəaliyyət göstərən, konkret nəticələr verən və uzunmüddətli əməkdaşlığa xidmət edən institutların formalaşmasına töhfə verməkdir.
V.İskəndərovun sözlərinə görə, Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və onun Bakı katibliyi bu yanaşmanın konkret nümunəsidir.
