Türk dövlətlərinin fintex şirkətlərinin inteqrasiyası beynəlxalq ödəniş imkanlarını genişləndirəcək

İqtisadiyyat Xəbər 13 Oktyabr 2026 13:09 (UTC +04:00)
Türk dövlətlərinin fintex şirkətlərinin inteqrasiyası beynəlxalq ödəniş imkanlarını genişləndirəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Türk dövlətlərinin fintex şirkətlərinin inteqrasiyası müxtəlif ölkələrin bank sistemlərini birləşdirməyə və maliyyə əməliyyatlarının aparılması üçün əlavə kanallar yaratmağa imkan verəcək.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu "AzFina"nın sədr müavini, "Epoint" şirkətinin baş direktoru Eynar Abdullayev çərşənbə axşamı Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə keçirilən və türk dövlətlərinin nümayəndələrinin iştirak etdiyi fintex missiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, banklardan fərqli olaraq, fintex şirkətləri çoxsaylı banklarla inteqrasiya olunmaq və aqreqator kimi fəaliyyət göstərmək imkanına heç də həmişə malik olmurlar.

“Bununla yanaşı, Azərbaycanda və digər türk dövlətlərində əməkdaşlığı bank sistemlərinin daha geniş inteqrasiyasını təmin edə biləcək fintex şirkətləri fəaliyyət göstərir.

Aqreqator kimi çıxış edən iki fintex şirkətinin inteqrasiyası müxtəlif ölkələrin bank sistemlərini birləşdirməyə imkan verir. Məsələn, bir inteqrasiya UPT sisteminin Azərbaycanın və ya Qazaxıstanın bütün banklarına qoşulmasını təmin edə bilər.

Belə əməkdaşlıq türk dövlətlərinin maliyyə ekosistemi üçün böyük əhəmiyyət daşıyır.

Beynəlxalq sanksiyalar və digər təhdidlərlə bağlı mümkün riskləri əvvəlcədən nəzərə almaq, maliyyə əməliyyatlarının aparılması üçün etibarlı ehtiyat kanalları yaratmaq lazımdır.

Fintex şirkətləri başa düşməlidirlər ki, təhlükəsiz ehtiyat kanallarımız fəaliyyətini davam etdirməlidir. Beynəlxalq sanksiyalar, təhdidlər və banklararası münasibətlərdə yarana biləcək risklərlə bağlı məsələləri indidən nəzərə almaq və həll etmək lazımdır. Buna fintex şirkətləri arasında inteqrasiya və əməkdaşlıq sayəsində nail olmaq mümkündür”, – deyə o bildirib.

Abdullayevin sözlərinə görə, fintex şirkətləri banklarla müqayisədə daha çevik və operativdirlər. Bu da onlara geniş auditoriyanı daha sürətlə əhatə etməyə imkan verir.

“Bu üstünlüklərdən beynəlxalq əməkdaşlığın inkişafı üçün istifadə etmək olar”, – deyə o qeyd edib.

Abdullayev, həmçinin türk dövlətlərində tənzimləyici sınaq mühitləri (sandbox) çərçivəsində fintex şirkətlərinin inteqrasiyası üzrə sınaqların keçirilməsini təklif edib.

Onun sözlərinə görə, fintex şirkəti UPT ilə inteqrasiya olunaraq müvafiq QR sistemlərinə çıxış əldə edərsə, Azərbaycan banklarında hesabı və ya bank kartı olan ölkə vətəndaşları Türkiyədə də onlardan istifadə edə biləcəklər.

Qeyd edək ki, Bakıda Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə “Bakı Fintex Sektorunun Ticarət Heyəti” proqramı keçirilir. Tədbirdə Azərbaycanın, Türkiyənin və Qazaxıstanın maliyyə və fintex sektorlarının nümayəndələri iştirak edirlər.

Proqram çərçivəsində türk dövlətlərində rəqəmsal ödənişlərin inkişaf perspektivləri, maliyyə texnologiyalarının tənzimlənməsinə dair yanaşmaların uzlaşdırılması və ödəniş sistemlərində yeni texnoloji tendensiyalar müzakirə olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti