Azərbaycanın qüdrətinin artırılması keyfiyyətli qanunvericilik təminatı tələb edir - Sahibə Qafarova

Siyasət Xəbər 13 Oktyabr 2026 11:10 (UTC +04:00)
Azərbaycanın qüdrətinin artırılması keyfiyyətli qanunvericilik təminatı tələb edir - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin daha da artırılması keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilərlə daimi əlaqə tələb edir.

Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bunu çərşənbə günü Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

O bildirib ki, oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı keçirilib və bu tədbir ölkənin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biri olub.

Milli Məclisin sədri qeyd edib ki, ilk dəfə idi YAP-ın ali rəhbər orqanının toplantısı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilirdi.

Sahibə Qafarova vurğulayıb ki, qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev proqram xarakterli nitq söyləyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin nitqində Azərbaycanın orta güc dövlətinə çevrilmək üçün keçdiyi inkişaf yoluna hərtərəfli nəzər salınıb, tarixi qələbələri şərtləndirən amillər göstərilib və YAP-ın ictimai-siyasi proseslərdəki rolu qeyd olunub.

Milli Məclisin sədri bildirib ki, nitqdə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin varisliyi ilə bağlı səsləndirilən fikirlər xüsusi əhəmiyyət daşıyır.

O qeyd edib ki, bu siyasi xəttin əsasını siyasi və iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin gücləndirilməsi və müdafiə potensialının daha da artırılması təşkil edir.

Sahibə Qafarovanın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin prinsiplərin ardıcıl həyata keçirilməsi Azərbaycanın başlıca milli məqsədlərinə nail olmasını təmin edib.

Parlament sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması üçün müəyyən etdiyi strateji vəzifələr Milli Məclisin fəaliyyəti baxımından da böyük əhəmiyyət daşıyır.

“Bu vəzifələr keyfiyyətli qanunvericilik təminatı, büdcə prioritetlərinə məsuliyyətli münasibət, fəal parlament diplomatiyası və seçicilər ilə daimi əlaqə saxlanılmasını tələb edir”, – deyə o bildirib.

Sahibə Qafarova qeyd edib ki, parlament üzvləri dövlətin möhkəmləndirilməsinə və qarşıya çıxan yeni imkanların real nəticələrə çevrilməsinə töhfə verməlidirlər.

“Əminliklə söyləmək olar ki, belə də olacaqdır”, – deyə Milli Məclisin sədri əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti